İki dünyanın sakini – TURAC HİLALDeyilənə görə, qartal yeddi ildən bir bala verir. Ancaq... azca pərvazlanan kimi, balasını dimdiyinə alıb, yuvadan aşağı tullayır. Qayalara çırpılaraq ölməmək üçün bala qartal qanad açmağa məcbur olur. Balasının uçduğunu görən qartal qələbə çalan sərkərdə kimi qıy vurub, özünü ona çatdıraraq kömək edir.İstedadlı gənc yazar, böyük ürək sahibi, gözəl poetikası ilə qəlbimizi fəth edən Turac Hilal (Kərimova) çağdaş Azərbaycan ədəbiyyatının qartalı kimi zaman-zaman qələmə aldığı şeirlərini
“Yerlə göy arasında” kitabı vasitəsilə bizə ərməğan edir. Dağlar qızı Turac Hilal yaradıcılığının araşdırıcısı olmaq üçün, heç olmasa, dağa qismən yaxın təpə olmaq gərəkdir...
Turac xanımın dəqiqliyi həyat həqiqətinə, faktların gerçəkliyinə söykənir. Müəllifin “Yerlə göy arasında” kitabını oxuyarkən sanki hər bir qələm sahibi öz taleyini mütaliə edir. Yeri gəlmişkən, qeyd edim ki, elə bu sətirlərin müəllifi də Turac Hilal yaradıcılığının işığında müsbət ovqata köklənir, onun yaradıcılığının daha da çiçəklənməsinə inanır.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Yerlə göy arasında” kitabının təqdimatı zamanı da həm müəllif, həm də kitab haqqında maraqlı fikirlər səsləndi, sadə, əziyyətkeş bir kənd qızının yaradıcılığı geniş təhlil edildi. “Orxan” NPM-də çap olunmuş, Səadət Cahangirin redaktorluq etdiyi, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, şair Şahməmməd Dağlaroğlunun ön söz yazdığı bu kitabdakı poetik nümunələr, eləcə də nəğmələr silsiləsi onun yerlə göy arasında gərdiş edən azad ruhunun, insan duyğu və düşüncələrini yüksək sənətkarlıqla nəzmə çəkməyinin bədii ifadəsidir. Mən, bu sənətkarlığın göstəricisi kimi T.Hilalın ana dilimizin ifadə imkanlarından, xalq dilinin incəliklərindən məharətlə bəhrələnməsini, xüsusi poetik arsenalı səfərbər etmədən bir şeirlə bir almanax yaratmaq məhərətini, sözə, adi kəlmələrə ilahi ruh vermək qüdrətini bir yana qoyuram… Yəni Turac xanım əsrlərdən üzübəri yol gələn sözün tozunu silib, ona yeni həyat bəxş edən, təkrarsız ifadə tərzi ilə onu cilalayaraq öz üslubunu yaradan bir şairdir. O, cəmiyyətdə rast gəldiyi haqsızlıqları ürəyinə salıb, özünə dərd edir. Yüksək ədəbi təhlilə layiq bu kitab çağdaş poeziyaya bəxşeyiş əsərdir.
Öncə qeyd edim ki, o, həm daxilən, həm də zahirən olduqca gözəl bir xanımdır. Sanki Turac Hilal Allahın ən şəfqətli, ən səxavətli bir anında dünyaya göz açıb. O, bir dünyanın, bir mahalın, bir kəndin, bir ocağın baharını, qışını, qarını, yağışını, istisini, soyuğunu, küləyini, ucalıq zirvəsində dayanan nəslin, valideynlərin səmimiyyətini, dəyanətini, diqqətəlayiqliyini, dəyərli kəlamlarını, işıqlı ruhunu, dünyanın ağrılı-acılı, şəkərli-duzlu, ölməzliyini əbədiyyətə qovuşdurmaq üçün ədəbiyyata gətirib. Onun şeirlərini oxuyanda bir şairin simasının işığı, möcüzəsi, kövrəkliyi, qəlbinin rəngarəngliyi, şeirin, sənətin qranit heykəli gözlərimin önündə canlanır:
Həm dərdim, həm dərmanım,
həm Kəbəm, həm niyyətim,
Ən böyük qələbəmdir sənə təslimiyyətim.
Sən Tanrı sevgisinin ən mükəmməl əl işi,
Günəşin qürubudur kipriyinin enişi.
(“Sən ruhumun kölgəsi”)
…
Küçəyə atılmış körpələr kimi,
Həsrətin yenə də kirimək bilmir.
Mənim dərdlərim də şikəst doğulub,
Düşüb dizlərimdən yerimək bilmir.
(“Mənim dərdlərim”)Bir müddətdir ki, sosial şəbəkədə bir yerdəyik, söz-söhbətimiz yaxşı tutur, onu yaxından müşahidə edir, yaradıcılığını diqqətlə izləyirəm. Gəldiyim qənaət budur ki, T.Hilal yalnız şair deyil, bu ad onun istedadının, coşqun ruhani gücünün, düşüncə və intellektinin, şəxsiyyətinin miqyas və mahiyyətini tam ifadə etmir. Poeziya, nəsr, eləcə də jurnalistika, publisistika, yaradıcı peşənin möcüzələri və s. barədə onun bilikləri adamı valeh edir və məni bu fikrə gətirir ki, ulu Yaradan bu insanın boyuna sanki fərqli bir missiya biçib. Onun qələmindən boy verən Vətən sevgisi, yurd məhəbbəti kitabı oxuyanı el-obaya bağlayır.
Qadın cəmiyyətin inkişafında katalizator rolunu oynayır. Qadının ən böyük vəzifəsi ana olmağındadır. Turac Hilal paklıq nümunəsi olan qadın haqqında düşüncələrini belə izhar edir:
Mən öz şeirlərimə,
Səpələnən qadınam.
Fırtınalar qoynunda,
Ləpələnən qadınam.
Mən Şeytanı aldadıb,
İblisi ram edərəm.
Ya səndən EŞQ düzəldər,
Ya da adam edərəm.
(“Belə qadınam”)Allahın verdiyinə qane olmaq ədəbin gözəlliyidir... Bəzən gözəllik namusa qənim kəsilir və onu çirkab bataqlığına sürükləyir. Turac xanımın şeirlərində təmiz ruh, saf niyyət, pak amal açıq-aydın görünür. Turac Hilal saf niyyətli qadınların ləyaqətli, vəfalı təmsilçisidir, hər bir qadının ağrı-acısını, kədərini, qəmini, sevincini, fərəhini, əsl eşq və məhəbbəti kişilərə nisbətən daha tez duyur, onu poetikləşdirir.
“Onun adı eşq olar” şeirində vəsf etdiyi kimi:
Onun baxışlarıyla sevər gözlərini,
Onun əlləriylə sığallayar tellərini,
Onun dodaqları ilə öpər əllərini,
Daha dırnaqlarını yeməz,
Daha “saçlarından bezdim”, - deməz.
Və bir qadını sevdiyi kişi sevərsə,
Onun adı EŞQ olar.Sevənlərin ağlamasını, qəlbi eşq yolunda yaşayanların göynəməsini vəsf edən şair ağlayan, göynəyən sevgilərin də şahidi olub. Belə sevgilərə, belə həsrətlərə, belə hicranlara, belə ayrılıqlara ürək ağrısı ilə yanaşır. Deməli, o, iki dünyanın sakinidir.
Mən, inanmıram ki, Turac xanımı, daha doğrusu, onun poeziyasını, poetik düşüncələrini sevməyənlər olsun. O, sadəcə olaraq, təvazökarlıq göstərir. T.Hilal sevən və sevilən şairdir. Turac xanım sevgiyə, məhəbbətə yaradıcılığında ülvi bir hisslə yanaşır. Məhəbbətə sevənlərin həyatında ucalıq zirvəsindən baxır.
Onun yaradıcılığı çoxşaxəli olduğu qədər, oxunaqlı və dərin fəlsəfi anlama malikdir. Buradakı müəyyən poetik nümunələr etik normalarla cilalanır, vəhdət daşıyır. Böyük sərkərdə Napoleon Bonopartın belə bir kəlamı var:
“Ən böyük əxlaqsızlıq bacarmadığın işdən yapışmaqdır”. Turac xanım isə illərdir özünün daşıya bildiyi yükü çəkir, fiziki və zehni əməyin vəhdətini yaradır.
Şair Turac Hilal qələmə aldığı şeirlərində həqiqi şairliyini hər vəchlə sübut edir, sevən qadınların ümumiləşdirilmiş obrazını mükəmməl yarada bilir.
Yüksək intellektə, çevik siyasi məfkurəyə xas olan müəllifin
“Nə yaxşı ki, varmışam” şeirində bu nümunəni aydın görmək mümkündür:
Mahnılar pıçıldadım, şeir yazdım, olmadı,
Sənli xəyallarımda hər gün azdım, olmadı,
Yerlə göy arasında məzar qazdım, olmadı...
Sən olsaydın yerimdə, yaşamazdım, olmadın!
Nə yaxşı ki, varmışam!
Turac xanımın yazdıqları söz inciləridir, mənim zövqümə görə ən qiymətlilərindən biri
“Yerlə göy arasında”dır. Həmin şeirdə dərdlərini sanki sığallayır, başına uşaq tumarı çəkir, ağrı-acısını şeirləşdirir:
Otur, gözlə özünü, gör itirmək nətərmiş,
Yerlə göy arasında nəfəs almaq hədərmiş.
Könlümün qırğınlığı bir toxunuş qədərmiş,
Dara çəkib, çarmıxı qucsa, bağışlayardım...Bu misralarda böyük, danılmaz məntiqlə yanaşı, səmimilik var. Səmimilik və məntiq qarşısında boynumuz qıldan nazikdir. Turac Hilalın təfəkkür süzgəcindən keçən fikirlərin daha dərin qatlarına varmaq, əlbəttə, hamıya nəsib olmur. Unutmayaq ki,
“yaş ötdükcə qoca dünya çəkir bizi aydınlığa”. O, bizi
“içinin qaranlığından çıxan sözün aydınlığı”nda durulmağa səsləyir.
Və beləliklə, hər bir yazar, şair Turac Hilalı həyatın müxtəlif nöqtələrindən
işıqlandıra bilər. Onun haqqında mənim də ürəyimdə şairin söz qığılcımları yaşayır…
Daşdəmir ƏJDƏROĞLU