Pərviz Quliyev: "İnsanın çox yaşaması illərin sayı ilə ölçülmür"

15:21 19.03.2024 3 283
“Xəstəyə şəfanı həkimin əlilə Allah verir”

Pərviz Quliyev: "İnsanın çox yaşaması illərin sayı ilə ölçülmür"

İnsan həyatında bir neçə gərəkli, vacib peşə var və hər peşənin də ləyaqətli, bilikli, məsuliyyətli daşıyıcıları. Varlığından tez-tez faydalandığımız peşələrdən biri də həkimlikdir.

Həkimlər keçmiş zamanlarda insan sağlamlığının keşiyində dayanmış təbiblərin, loğmanların müasir varisləridir. Əslində, həkimlər Tanrı ilə bəndələr arasındakı şəfa vasitəçiləridir. Həkimlik çətin və məsuliyyətli peşədir, həm də maraqlıdır... Fikirlərimizi aşağıdakı müsahibədən də dəqiqləşdirmək imkanınız olacaq.

"Hər insan bir tarixdir" adlı rubrikamızın ilk qonağı bilik-savadının, şöhrətli adının, şəfalı ünvanının sorağında olduğumuz terapevt Pərviz Quliyevdir.

Pərviz həkimlə görüşümüz xeyli müddət gec alınsa da, məzmunlu oldu. Qəbulunda daim xəstələrin növbə tutması onunla bir neçə saatlıq həmsöhbət olmağımıza şərait yaratmırdı. Gərgin və yorğun iş saatından sonra, eləcə də, bir günlük istirahət vaxtında isə Pərviz həkimi narahat eləməyə insafımız yol vermirdi. Nəhayət, peşəsinə qəlbən bağlı olan, yaşadığı regionda bilik və qabiliyyətinə görə əhalinin rəğbətini qazanan qəhrəmanımızın düşüncələrini bölüşmək imkanı tapdıq.

Müsahibəmiz gözlədiyimizdən də geniş və tutumlu alındı. İctimai əhəmiyyəti böyük olduğundan, Pərviz həkimdən aldığımız dəyərli fikirləri kəsib-biçmədən oxucularımızla paylaşırıq.


Qısa tərcümeyi hal: Quliyev Pərviz Ağababa oğlu 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb. Azərbaycan Tibb İnstitutunun(indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir, hazırda ASM şöbəsində çalışır. Ailəlidir, 4 evladı , 2 nəvəsi var.

- Doğulduğunuz ailə, mühit, zaman haqqında bir qədər geniş məlumat verməyinizi istərdik.

- Atam ibtidai sinif müəllimi, anam evdar qadın olub. Ailədə 4 qardaş, 3 bacı olmuşuq. Mühit belə olub ki, ailəmiz həmişə təhsilə maraq göstərib. Belə ki, atam müəllim idi və bunun təhsilə yönəlməyimizdə təsiri danılmazdır, amma anamın da evdə dərsə, kitaba bağlanmağımızda rolu heç də ondan geri qalmırdı. Hələ, olurdu ki, müəyyən mənada atam yumşaqlıq göstərsə də, güzəştlər etsə də, anam təhsil sarıdan bizə qarşı çox ciddi idi.


Digər tərəfdən, bizim oxuduğumuz dövrdə, yəni ötən əsrin 70-80-ci illərində, Gəgəli, Bico, Qaraqoyunlu, Kalva və başqa bu kimi kəndlərdə təhsilə maraq böyük idi. Düzdü, indi də var, amma o vaxtlar təhsil ab-havası tamam başqa ovqat yaradırdı. Onu da qeyd edim ki, bizim zəmanəmizdə oğlanların oxumağına daha böyük maraq göstərilirdi, qızların təhsil alması isə elə də diqqət mərkəzində deyildi. Yəqin ki, bu fərqlilik o vaxtkı quruluşun özündən formalaşırdı. Bu mənada ki, onda qızlar daha çox ev işlərinə, xalça toxumağa, üzüm, pambıq yığımına və s. cəlb olunurdu. Əslində, oğlanların oxumağı həm də həmin işlərin əziyyəti sayəsində başa gəlirdi. Özümüzü misal çəksəm; atam müəllim olaraq 110 manat maaş alırdı, bu maaşla Bakıda kirayə evdə qalıb, əyin-baş düzəldib, ali təhsil almaq olardımı? Əlbəttə, yox. Amma ana-bacılarımızın təsərrüfatda, xana işlərində yorulmadan göstərdikləri əməyin müqabilində qayğılarımızın qarşılanması asanlaşırdı.


Bunu da vurğulamaq yerinə düşər: qeyd etdiyim dövrdə, yaxşı mənada, bəhsgirlik, əzmkarlıq, əyilməz iradə vardı cavanlarda. Deyək ki, biri birinci il ali məktəbə qəbul imtahanından kəsilərdisə, həvəsdən düşməzdi, hazırlaşıb növbəti il özünü sınayardı. Yenə alınmasa idi, hərbi xidmətdən sonra yenidən əvvəlki məqsədinə çatmaq üçün iradə göstərərdi, ta ki nəticəyə nail olana qədər. Bu özü də bir örnək idi. Məsələn, məndən böyük qardaşım Gündüz Quliyev 5 il qəbul imtahanlarında özünü sınadı və nəhayət məqsədinə çatdı, Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxudu. Sonra uzun müddət Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə işlədi... Demək istəyirəm ki, ən böyük örnək elə ailəmizin içində idi.

Başqa bir nümunə kimi Ağsu Rayon Mərkəzi Xəstəxanasına adı verilmiş, həmkəndlim Şahin Quliyevi göstərə bilərəm. O da inadından dönmədi və istədiyi ali məktəbə - Azərbaycan Tibb İnstitutuna(indi universitet-red.) qəbul oldu, oxudu və həkim-terapevt kimi təhsilini başa vurdu. Şahin Quliyev Gəgəli Kənd Ambulator Xəstəxanasasında baş həkim kimi bir müddət fəaliyyət göstərdi, sonradan Birinci Qarabağ Müharibəsində ön cəbhələrdə peşəsini şərəflə yerinə yetirdi və şəhid kimi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə adını yazdırdı.

Onu da deyim ki, zamanı, dövrü bəhanə eləyib, təhsildən uzaqlaşmaq olmaz. Bizim insan kimi ortaq dəyərlərimiz var, o dəyərləri insan özü yaşadır, bəhanə keçərsizdir. Təhsil almaq istəyi də o cümlədən.

- Özünüzü zamanında dünyaya gəlmişlərdən hesab edirsinizmi?

- Açığı, o zamanla indiki zaman arasında əsas bir fərqi tutmuşam: o zamanda əzmkarlıq daha çox idi. Bir şeyi daha çətinliklə əldə etmək insana ləzzət verirdi. Məsələn, o dövrdə çoxları, xüsusən hüquqşünas olmaq istəyənlər, “Qanun naminə” filminin Mehman obrazına bənzəmək istəyirdi. Bilirsiz də Mehman gənc prokuror kimi hansı əzab-əziyyətlərə qatlaşır, hansı təhlükələrlə, təhdidlərlə qarşılaşır və sonda necə faciə ilə üzləşir... İndiki dövrdə o həyatı kim seçir və seçər?.. Ancaq o dövrdə Mehman örnək idi...

“Sprut” serialındakı Komissar Katani olsun, - başına gəlməyən oyunlar, işgəncələr yox idi, ancaq hamı ona bənzəməyə çalışırdı... Yəni, çətinliklə əldə olunan nailiyyətlərə can atırdı insanlar. İndisə hər şeyin rahatına qaçırlar.

Elmi nailiyyətlərin, yeniliklərin, texnologiyaların əleyhinə deyiləm və özümü bu inkişafdan kənarda saxlamıram, mütaliələrim, maraqlarım öz yerində, amma, bizim gənclik çağlarımız daha maraqlı və inamlı görünür mənə.

- Dönüb geriyə, orta məktəb illərinə boylananda, orda nələri görürsünüz: müəllimləriniz, sinif yoldaşlarınız, tədris prosesləri?.. Ümumi olaraq, kənd məktəbinin o vaxtkı məziyyətləri barədə fikirləriniz...

- İbtidai sinif müəllimim Nuriyev Sadəhməd müəllim olub. Bizim yetişməyimizdə böyük əmək sahibidir. Qeyd elədiyim kimi, atam da müəllim işləyirdi və biz məktəbdə də, evdə də, demək olar, həmişə müəllim təsiri altında olmuşuq. Ümumiyyətlə, bütün müəllimlərimizin, mənə dərs deməyənlərin belə, xatirəsi mənim üçün həmişə əzizdir və olacaq da. Çünki o müəllimlərin hər biri bir xarakter, şəxsiyyət idi. Bizim formalaşmağımızda, deyərdim, valedeynlərimiz qədər onların da rolu olub, - istər sinif müəllimi, istər sinif rəhbərləri, istərsə də fənn müəllimlərimizin.


O vaxtlar bir sinifdə 40 nəfərdən çox şagird olurdu. Onlara eyni vaxtda nizam-intzam, təlim-tərbiyə, dərs öyrətmək balaca iş deyil. Məsələn, biologiya müəllimimiz vardı, - Kərimşah müəllim. O, sinifə girəndən çıxana qədər, otaqda elə sakitlik olurdu ki, necə deyərlər, “milçək uçsa, səsi eşidilər”di. Deyim ki, şagirdləri vururdu, qorxudurdu, - yox, sadəcə, davranışı, səliqə-səhmanı, salam-kəlamı, tədris qabiliyyəti ilə hamının rəğbətini qazanmışdı. Demək olar, müəllimlərimizin əksəriyyəti bu səviyyədə idi. Əgər, müəllimlər o vaxt şagirləri danlasa, tənbeh etsə, cəzalandırsa belə, nə kimsə qorxusundan evində bu barədə danışardı, nə də valideynlər müəllimin işinə qarışardı, çünki məqsəd savadlı, tərbiyəli cəmiyyət yetişdirmək idi. Ancaq indi müəllimləri çox sıxırlar. Bir müəllim, əgər, bir şagirdin üstünə qışqırsa, acıqlansa, az qalır onu cəmiyyətdən təcrid eləsinlər. Bir şey ki, şagirdin faydası üçündür, niyə onu qəbahət saymalıyıq? Belə götürəndə, heç müəllimə də sərf eləməz ki, hansısa şagirdə acıqlanıb öz əsəblərini də korlasın. Ancaq müəllimin vicdanı da var axı, dərs dediyi şagirdlərin sabah evdə, işdə, cəmiyyətdə yüksək mövqe tutmasını istəyir.

Ümumi olaraq, deyim ki, bütün zamanlar üçün uzlaşan ali dəyər, ən gözəl tərbiyə davranışdır. Bu, müəllim, valideyn və hər kəs üçün keçərlidir. Belə deyək də, siqaret çəkən valideyn uşağına “siqaret çəkmə” desə də, o çəkəcək, çünki uşaq gözünü açandan valideynində bu vərdişi görüb. Eləcə də, müəllimin vərdişləri nümunə olmalıdır.

- Uşaqların böyüdükcə peşə seçimləri, “kim olmaq” arzuları dəyişkən olur. Sizdə necə, “hamı kimi” olub, yoxsa əvvəldən arzuladığınız peşəyə yiyələnmisiniz?

- Səmimi deyəcəm: ali məktəbə birgə hazırlaşdığım tay-tuşlarımdan ikisinin və bir də mənim – üçümüzün arzumuz əvvəldən həkim olmaq idi. Amma onlar, müəyyən səbəblərdən, sonradan fikirlərini dəyişdilər, mənsə yox. Təbii ki, müsahibəni oxusalar, həmin iki nəfər onları nəzərdə tutduğumu biləcək.

Həkim olmağıma peşiman deyiləm və yenə seçim qarşısında qalsam, həkimliyi seçərəm. Amma onu da etiraf edim ki, qəlbən bəyəndiyim sənət öyrətmək, tədris etməkdir. Başqa sözlə desəm, əgər, imkan olsaydı, o vaxt institutda qalıb ixtisasım üzrə dərs demək istəyərdim. Təcrübədən çox öyrətməyə daha meyilli hiss etmişəm həmişə özümü. İstəyərdim ki, oxuyum-tədris edim, öyrənim-öyrədim... Buna baxmayaraq, hazırkı peşəmi özüm seçmişəm və nə qədər yorulsam da, əziyyət çəksəm də, həkim kimi xidmət göstərməkdən zövq alıram.

- Hərbi xidmət illəriniz tələbəlikdən əvvələ təsadüf edir deyəsən... Əsgərlik maraqlı idimi?

- Orta məktəbi bitirdiyim il ali məktəbə qəbul ola bilmədim. O vaxtlar bir ildə iki dəfə - yaz və payız imtahanları olurdu. İkisindən də kəsildim və hərbi xidmətə yollanmalı oldum. Tanıdığınız nervpotoloq Seyidağa həkimlə bir sinifdə oxumuşuq, o da birinci il qəbul ola bilmədi və əsgərliyə getdi. Təhsil taleyimiz oxşar oldu.


Sovet ordusu sıralarında 2 il – 1981-1983-cü illərdə Macarıstanda cənub ümumqoşun sıralarında hərbi xidmət keçdim. 1983-cü ilin payızında, hərbi xidmətdən döndükdən sonra, ali məktəbə qəbul olunana qədər, kollektiv təsərrüfat sıralarında(kolxozstroy), İlxıçı kəndində yerləşən quşçuluq fabrikində fəhlə kimi əmək fəaliyyətinə başladım. Çünki o dövrdə hərbi xidmət illəri staj(əmək müddəti) sayılırdı və orta məktəbdən sonra boş qalan illərin də stajı istənilirdi. Beləcə, payızdan növbəti ilin yazına qədər, həm işlədim, həm də instituta hazırlaşdım. Qeyd edim ki, ilk əmək fəaliyyətim fabriklə bitmir, öz kəndimizdə xırmanda, vimdə, pambıq yığımında da işləmişəm, yəni, zəhmətdən qaçmamışam.

1984-cü ilin avqustunda yenidən tibb institutuna imtahan verdim və üçüncü cəhddə arzuma çatdım, - qəbul oldum.

- Tələbə adını qazanarkən keçirtdiyiniz hisslər maraqlıdır: sevinc, şöhrət, qürur, öyünmək, yoxsa?..

- Əlbəttə, sevinirdim. Çünki əsas arzularımdan birinə qovuşmuşdum. Digər tərəfdən, iki dəfə imtahandan kəsilmişdim, nəhayət, üçüncü cəhddə qəbul olmuşdum sevdiyim ixtisasa.

Qürurlanmaq da vardı, sözsüz. İnsanıq axı, adı üstümüzdədir. Amma lovğalıq deməzdim buna... Bir sitat gətirim: O vaxtlar İstanbul fatehi əhaliylə görüşlərə çıxanda yanında xatırladıcı bir əyan da aparırmış. Maaş-məvacib verdiyi bu əyanın işi ondan ibarət olub ki, sultan-fateh küçə boyu camaat arasında irəlilədikcə, əhali ona baş əyib, alqışladıqca, o, “Qürurlanma, Fateh! Qürurlanma, Fateh!..” - deyə, təkrarlayırmış. Yəni, fateh bu sözləri özü üçün təkrarlatdırırmış ki, xalq arasında çox qürurlu, lovğa görünməsin. Mənim xatırladıcımsa öz vicdanımdı, hərdən qulağıma pıçıldayır. (gülür-red.) Gəncliyin özünün xarakterik cəhətləri var, bunu danmaq olmaz, lakin yaşlandıqca, təcrübə artdıqca, düşüncə tərzi də dəyişir. Onu da vurğulayım ki, hər insanın kamilləşmə dövrü eyni yaşa təsadüf eləmir. İnsan var 40 yaşında kamilləşir, insan var 60 yaşında, insan da var gəldiyi kimi də gedir... (yenə gülür-red)

Sözsüz ki, indiki düşüncəm, həyat təcrübəm o vaxt olsaydı, uğurlarımı adi hal kimi qəbul eləyərdim.

- Tələbəlik illərini ümumilikdə necə xarakterizə edərdiniz?.. Yadınıza düşən anlar, görüşlər, xatirələr...

- Qeyd elədiyim kimi, birbaşa orta məktəb partası arxasından durub, ali məktəb sinfinə daxil olmamışdım, hərbi xidmət keçmişdim, təsərrüfat fəaliyyətim vardı. Əsgərlik özü böyük dərsdir. Eləcə də, təsərrüfatda işlədiyim zamanlarda cəmiyyət arasında müəyyən mənada təcrübə toplamışdım. Yəni, ali məktəb auditoriyası ilk baxışdan məni həyacanlandırmadı. Tez qaynayıb-qarışdım.

Tələbəlik illərinin də özünəməxsus cəhətləri çoxdu, - yeni tanışlar, elmi müzakirələr, müxtəlif toplantılar, qayğılı və sevincli günlərin bölüşülməsi və s... Bütün qrup yoldaşlarımla münasibətlərim yüksək səviyyədə olub. Bu gün də onların bəzilərilə, - düşüncə, davranış, həyata baxış uyğunluğu olanlarla əlaqəm var.


Onu da etiraf eləyim ki, tələbəlik illərində bizim maddi imkanlarımız yaxşı olmayıb. Düzdü, o dövrdə tələbənin təlabatı indiki kimi çox deyildi, buna baxmayaraq, o zamanın da öz istəkləri vardı. Məsələn, kinolara baxmaq, yeməkxanalara hərdən baş çəkmək... Biz, onların hamısından istifadə etmək imkanında olmamışıq. Amma bizim tələbəlik illərinin şanslı tərəfləri də vardı. Belə ki, bizdən əvvəl tibb institutuna əksərən imkanlı, vəzifəli adamların uşaqları qəbul edilirdisə, bizim vaxtımızda qəbul olanların çoxu əvvəlki illərdə imtahandan kəsilənlər, maddi imkanları yüksək səviyyədə olmayanlar idi. Bu da ondan irəli gəlirdi ki, həmin vaxtlarda təhsil sistemində ciddi islahatlar aparılırdı. Təbii ki, varlı-kasıb fərqinin aradan götürülməsi, öz başı ilə oxuyanlara qiymət verilməsi tələbə həyatında da özünü göstərirdi. Yəni, çoxu eyni vəziyyətdə olduğuna görə, hamı bir-birini başa düşürdü, dərdini, sevincini bölə bilirdi.

- Bildiyim qədərincə, müstəqilliyimizin ilk illərində, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmisiz, hətta, yaralanmısız da. Təltifləriniz də var... Bir qədər döyüş xidmətləriniz, yaralanma şəraiti haqda məlumat verməyinizi xahiş edirik.

- Bayaq qeyd elədiyim ki, əsgərlik yaş dövrüm sovet illərinə düşdüyünə görə, hərbi xidmət illərimi o dövrdə keçdim. Təhsil aldığım institutda da hərbi kafedra vardı. Biz institutu bitirəndə həkim ixtisasından əlavə, bizə “leytenant” rütbəsi də verildi. Yəni, həm də “hərbi həkim” ixtisasına yiyələnmişəm. İnstitutu bitirdiyim vaxt 1990-91-ci illərə təsadüf elədi.

Yaşıdım və həmyerlim Seyidağa həkimsə məndən bir il əvvəl bitirmişdi institutu. Şahin həkim, əvvəldə söylədiyim kimi, artıq neçə il idi Gəgəli Kənd Ambulator Xəstəxanasında həkim-terapevt olaraq, həm də baş həkim kimi çalışırdı. Bildiyiniz kimi, 1993-94-cü illərdə Qarabağ uğrunda gedən savaşa görə ölkəmizdə səfərbərliklər həyata keçirilirdi və tələb olunan ixtisaslar üzrə həkimlər də bu səfərbərliklərə cəlb olunurdu. Təbii ki, o çətin günlərdə haqq savaşımızı aparan hərbçilərimizə biz də müxtəlif vaxtlarda qoşulduq. Şahin həkim artıq şəhid olmuşdu, Seyidağa həkim 6 ay idi cəbhədə idi, mənsə 1994-cü ilin mart ayında cəbhə bölgəsinə yollandım və leytenant rütbəsilə tabor tibb məntəqəsinin həkimi kimi xidmətə başladım.

Çox ağır döyüşlərdə iştirak elədim. Döyüşlərin birində yaxınlığımda tank mərmisi partlaması nəticəsində qarnın ön divarı və aşağı ətrafların çoxsaylı qəlpə yaraları ilə ağır yaralandım. Bilənlər bilir ki, vəziyyətim çox pis idi. Gəncə hospitalında üç günlük müdaxilədən, əməliyyatdan sonra vertolyotla məni Bakıdakı “Papalin qospitalı” deyilən Mərkəzi hospitala köçürtdülər. Gec də olsa, sağaldım, yenidən işimə döndüm.

“Hərbi xidmətlərə görə” bir medalım var. Eləcə də, Ordumuzun yaranmasının ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən medalla təltif olunmuşam. Bir təltif medalım da Birinci Qarabağ döyüşlərinin ildönümü ilə bağlıdır. Bunları sadlamaqda məqəsədim o deyil ki, mən hansısa müharibə iştirakçısından artığam, əksinə, mənim fikrimcə, döyüşdə iştirak edən hər kəs – yaralanan da, yaralanmayan da – eyni hüquqa malikdir. Çünki ola bilərdi salamat qayıtmış döyüş yoldaşım yaralanardı, mən yaralanmazdım. Amma hər birimiz döyüşdəydik, hər kəs düşmənə qarşı döyüşürdü, sadəcə, mənim qismətimə yaralanmaq düşdü. Eləcə də, digər iştirakçıların.


Bir qismət də belə gətirdi ki, ali təhsilli bir oğlum da İkinci Qarabağ müharibəsinin iştirakçısı oldu – Rəmzi Quliyev. Öz gücünə Bakı Slavyan Universitetinin xarici dillər üzrə “Regionşünaslıq” fakültəsinə qəbul oldu, magistraturanı Türkiyədə oxudu. Ali təhsilli kimi bir illik hərbi xidmətə getdi. 2020-ci ilin oktyabrın 1-də ordu sıralarından buraxılacaqdı, amma sentyabrın 27-də müharibə başladı... 44 gün döyüşlərdə oldu. “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub... Onun döyüşdə olduğu müddətdə şəhid və qazi ailələrinin hisslərini daha dərindən başa düşdüm... Sözlə bildiriləsi hisslər deyil... Sanki yaşamırdım, boşluqda idim... İnsan aciz olduğunu hiss eləyir o anlarda... Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, bütün iştirakçılara can sağlığı versin!..

- Yaxşı həkim olmaq çoxmu çətindir? Bunun üçün insanda hansı keyfiyyətlərin olması vacibdir?..

- İnsanda olmalı olan bütün yaxşı keyfiyyətlər həkimdə də olmalıdır, çünki həkim də insandır. Həkimin davranışları, dərs aldığım müəllimlərdə olduğu kimi, nümunəvi olmalıdır. Axı, cəmiyyətin bütün üzvləri həkimə müraciət eləyir, ondan sağlıq baxımından kömək umur. Ancaq o da var ki, həkimdə olan bəzi xüsusiyyətlər, peşə sarıdan, fərqlənə bilər.

Təki, heç kəs xəstələnməsin, ancaq həyatdı, hər kəs xəstəliyə məruz qalır. Hər xəstənin də həkimə münasibəti eyni deyil, bu da təbiidir. Məsələn, bizdə Fazil həkim var. Cərrahdır. Savadlı və təcrübəli həkimdir. Bəzi xəstələr olur ki, onun həkim kimi xəstəni müayinə üsullarından razı qalmır. Guya, Fazil həkim xəstənin ağrıyan yerinə toxunmamalıdır, xəstə inciməsin deyə çox incə və mülayim davranmalıdır, xəstənin nazıyla oynamalıdır... Başa düşmürlər ki, adam cərrahdır, sınıqla, qırıqla, çıxıqla gələn xəstəyə əl vurmadan, onun xəsarətini necə aradan qaldıra bilər?.. Yaxud, əməliyyat olunmuş xəstənin sarğısı dəyişəndə, yuyulanda, əlbəttə, yara sağalana qədər incidəcək. Fazil həkim neyləməlidir, - xəstəyə, xəstənin qohumlarına qoşulub ağlamalıdır, yoxsa xəstəyə baxmalıdır, onun sağalması üçün lazımı müdaxilələri eləməlidir?.. İnsan özünü xəstəxanalıq edibsə, düşünməlidir ki, ağrıları olacaq və buna özünü hazırlamalıdır.

Ümumiyyətlə, həkimlik peşəsinə, həkimə insanların baxışı normal olmalıdır.

Kobud misal da olsa, deyəcəm: bir qəssab ay ərzində, təxminən, 30-40 dana kəsir, onun ürəyi daşdandır məgər? Xeyr! Sadəcə, onun işi odur. Həkim də xəstə ağrıyanda, sızlayanda ürəyində sevinmir, sadəcə, o, öz işini, lazım olan proseduru görür, içdə nə çəkdiyini özü bilir. Heç maraqlanmısınızmı, orta statistik olaraq, cərrahlar nə qədər yaşayırlar?..

Demək istədiyim budur ki, insanlıq başqadır, peşə fəaliyyəti başqa; hər kəs insani keyfiyyətləri özündə daşımalıdır, amma peşə baxımından da hamı öz işini layiqincə görməlidir.


- Xəstənin xarakteri həkimin işinə təsir göstərirmi? Məsələn, cani-dildən sağalmasına cidd-cəhdlə çalışdığınız, yaxud, sadəcə, “həkimlik borcudur” deyib, yanaşdığınız xəstələriniz olubmu?..

- İstisnalar sözsüz ki, var. Amma mənə müraciət eləyən xəstələrin əksəriyyətinə fərq qoymuram. Əvvəla, öz rayonumuzdu, dərindən olmasa da, üzdən hamı bir-birini tanıyır, fərq qoymaq mümkün deyil. Sonrası da, həkim xəstəyə niyə fərq qoysun ki... Hər kəs şəfa dalınca gəlir və mən də bacardığım, bildiyim qədər köməyimi əsirgəmirəm. Yenə deyirəm, cüzi istisnalar olur, o halı da xəstə özü yaradır. Xəstə var ki, istəyirsən bütün günü baxasan, halını soruşasan, nəzarətdə saxlayasan. Xəstə də var ki, tez çıxıb getməsini istəyirsən. Çünki mövzuya aid olmayan çox şeyləri danışır, hər işə qarışır, aləmi qarışdırır, həkimin fikrini çaşdırır, əsəbləri qıcıqlandırır. Elə adamlara “qıcıq” deyilir.

- Deyirlər, savadlı və təcrübəli həkimlər insanın üzünə baxanda, onun sağlam-xəstə olduğunu böyük ehtimalla təyin eləyə bilirlər. Sizcə, mümkündür bu sayaq diaqnoz?..

- Tibdə buna “habitus” deyilir. Yüzdə-yüz olmasa da, bir çox xəstəliklərin cizgiləri olur insanda. Amma bütün xəstəliklərə şamil eləmək olmaz bunu. Məsələn, alın qırışları, saçın yaşa uyğun olmayan şəkildə dəyişməsi, gözlərin rəngi, insanın duruşu, gövdəsinin forması və s. daxildəki proseslərdən xəbər verə bilir. Yəni, həkim sadaladığım əlamətlərdən istiqamət ala bilir ki, əvvəlcə xəstənin hansı orqanları müayinə olunmalıdır, hətta, xəstə özü gizlətsə belə.

- Heç olubmu, sizin də yaşayacağına ümid etmədiyiniz xəstə uzun illər yaşayıb?

- (Gülür-red.)Olub. Təxminən, həkimlik təcrübəmin ilk illərinə təsadüf eləyir. Özüm də baxmışdım xəstəyə, infarkt keçirtmiş yaşlı bir kişi idi. Müayinə nəticələrinə əsasən, ona deyirdik ki, ağır fiziki iş görməsin, yükə güc eləməsin, ehtiyatla hərəkət eləsin, yoxsa nəticəsi pis olar. Ancaq kişi dediklərimizə məhəl qoymurdu, həkimlərin gözünü oğurlayıb, vedrə ilə su daşıyırdı, özü də 3-cü mərtəbəyə qaldırırdı. Hətta, xəstəxanadan çıxandan sonra da hərdən küçədə rastlaşırdım onunla, öz işinin dalında idi. Düzdü, yaş da öz işini görürdü, təngnəfəs olurdu, artıq aramla yeriyirdi, ancaq bir neçə il yaşadı o kişi.

- Həkimin xəstəyə “Allahdan ümid kəsilməz” deməsi tibb elminin acizliyidi, yoxsa Allahın böyüklüyünü etiraf eləmək?

- Məncə, Allaha, axirətə, peyğəmbərlərə, mələklərə, müqəddəs kitablara hər bir insanda iman olmalıdır. İmanın peşəyə, vəzifəyə, varlılığa, kasıblığa aidiyyəti yoxdur.

İnsan olaraq, öz düşüncələrimi bölüşəcəm:
Allahın 99 gözəl adı var(EL-ESMAUL-HÜSNA). Məsələn: ES-SELAM(salamın, səlamətin, əsənliyin, qurtuluşun mütləq və tək qaynağı);
EL-METİN(daim sağlam, dayanma gücü sonsuz olan).

İnsan bu adları oxuyub-öyrənməlidir. “Qurani-Kərim”də var bu adlar. Allah hər bir bəndəni bir iş üçün yaradır, vəzifələndirir, görəvləndirir, Osmanlı türkcəsincə desək, kullanır. Məsələn, xəstəyə şəfanı mənim əlimlə Allah verir. Həkim olaraq, mən vasitəçiyəm.

Başqa bir məsəl çəkim: Bizdə əlsiz-ayaqsızlara, kasıblara əl tutmaq, yardım etmək adəti var, Avropada isə deyirlər ki, lazım bilsəydi, Allah özü onlara kömək edərdi... Əslində isə, bir sadə məqamı anlamaq lazımdır - Allah sənin əlinlə o yardımı çatdırmaq istəyir. Sənə verir ki, sən də verəsən. Ola bilərdi ki, qonşunu varlı, səni ac-yalavac edərdi Yaradan, onda qonşun sənə yardım göstərməlidir. Əgər, sənə veribsə, sən eləməlisən. Yəni, vasitəçi səni seçib. Əl tutsan - həm savab qazanırsan, həm dolanırsan, həm də dolandırırsan; sənə veriləni bölüşməsən – nəticə, əlbəttə, yaxşı olmayacaq.

Unutmayaq ki, Allahdan ümidini kəsən tək Şeytandır. İnsan istənilən halda ümidini Allahdan kəsməməlidir. Məsəl var, “ümid sonda ölür”. İnsan ölən anına qədər ümidini öldürməməlidir. Bu mənada həkim xəstəyə “Allahdan ümid kəsilməz” deyir ki, xəstə ümidini itirməsin, ruhdan düşməsin. Onsuz da həkim əlindən gələni eləyib və dua edir ki, Allah, əgər bu xəstə sağalmalıdırsa, mənim əlimlə sağalt, məni bu savab işə vəsilə elə. Digər tərəfdən və ən əsası xəstənin sağalması onun özünün içində Allahın şəfasına olan ümidinə qalır.

- İbn-Sina(Avisenna), sizə görə, kim olub?..

- Bizim oxuduğumuz dövrdə tiblə bağlı kitabların girişində Hippokrat, xüsusən də ibn-Sina - Avisenna haqqında məlumatlar yer alırdı. Bildiyim qədəri, Orta Asiyada doğulub, yaşayıb. Sonra müsəlman coğrafiyasında yaşayıb-yaradıb. Son fəaliyyət yerləri Həmədan, İsfahan olub, məzarı da Həmədanda olmalıdır.

Çox savadlı təbib, həkim olub. Həkimlikdən əlavə, ədəbiyyat, fəlsəfə, fizika və digər elm sahələrində də istedadını, biliyini nümayiş elətdirib. O vaxt onun beş cildli “Kanon”(Tibbi Qanun-red.) kitabı həkimlərin stolüstü kitabı idi. Düzdü, özüm oxumasam da, məlumatım var. Dünyaca şöhrətli, çox istedadlı, ensklopedik alim olub. Eşitdiyimə görə, bu gün də xalq təbabətində və tibbin müxtəlif sahələrində onun müalicə üsullarından istifadə olunur.

- Şəfa verən həkimlər özləri xəstələnəndə hansı əhvalda olurlar, nələr barədə düşünürlər?.. Ümumiyyətlə, həkimin xəstələnməsi normal hal sayılır?..

- Əvvəla, bütün insanlara sağlamlıq arzulayıram. Sağlamlıq böyük nemətdir. Ən böyük nemətsə, mənim aləmimdə, ağıldır. İnsan sağlam olmayanda çox fəsadlar çıxır ortaya.


Həkimin xəstələnməsinə gəlincə, həkim də insandır. Fizoloji proseslər var ki, həkim də ondan qaça bilmir və xəstələnir. Həkimi o vaxt günahlandırmaq olar ki, çoxlu siqaret çəkər, damarları tıxanar. Müasir tibdə idarə edilən və idarə edilməyən faktorlar var. İdarə edilən faktorlar bizim əlimizdədir, özümüzdən asılıdır. İdarə edilməyən faktorlar isə bizdən asılı deyil. Məsələn, irsiyyət. Ona müdaxilə etmək olmur. Məlumdur ki, zəncilərdə özünəməxsus xəstəliklər olur. Yaxud, tibdə “yevreyskiy bolezn”, “armyanskiy bolezn”(“yəhudi xəstəliyi”, “erməni xəstəliyi”-red.) deyilən, millətə xas olan xəstəliklər var. Onlar dəyişmir və dəyişdirilə bilmir. Eləcə də, müəyyən yaş dövrlərinə xas xəstəliklər var ki, həkim onlara müdaxilə eləyə bilmir.

Yenə deyirəm, əgər həkim siqaret çəkirsə, fiziki hərəkətlərdən yaynırsa, çox yeyirsə, lazım olanda dərmanları düzgün qəbul eləmirsə və s. onda həkimi günahlandırmaq olar.

- İldən-ilə xəstəliklər çeşidlilik baxımından artır. Hətta, tibb elminə məlum olmayan yeni viruslar peyda olur. Nədən xəbər verir bu mənfi yeniliklər? Başqa sözlə, nələrin nəticəsidir bu bəlalar?..

- İnsan fəaliyyətinin nəticəsidir xəstəliklərin artması, yayılması. Müasir zamanda elmi nailiyyətlər, elmi tərəqqi elə bir səviyyəyə çatıb ki, müsbət nəticə ilə yanaşı, mənfi nəticələri də olur. Amma insan istəsə, insanlıq, sağlam dünya naminə mənfi nəticələri də faydalı istiqamətə yönəldə bilər. Adicə bir məsələyə diqqət çəkim: Bu gün ağıla gəlməyən dərəcədə kütləvi qırğın silahları icad olunur. O silahlar həm insanın öz həyatını məhv edir, həm təbiətə ciddi yaralar vurur, həm də xəstəliklərin yaranmasına, yayılmasına səbəb olur. Ehtiyac varmı o silahlara?.. İnsana göndərilən son kitabda buyurulanlara insan əməl eləsə, o tərzdə yaşasa, o silahlara ehtiyac qalarmı?.. Kiminsə çatışmayan nəyisə olarmı?..

Digər tərəfdən, dünyada ədalətsizlik hökm sürür. Belə ki, Allah insanın ilboyu qidalanması üçün kifayət qədər qida verir, amma bir tərəfdə bolhaboldu, bir yanda aclıq. Deyək ki, Böyük Britaniyada anbarlarda saxlanan qidalar vaxtı keçdikcə dənizlərə, okeanlara tökülür, ancaq Afrikada, digər yerlərdə insanlar o qidalara möhtacdır. İnsan nə qədər tərəqqi eləsə də, bölgünü düz aparmır. Mən imanlı insanam, bu baxımdan deyirəm: nə qədər ki, insan axirəti düşünmür, sorğulanacağına inanmır, iman gətirmir, o insan nə desən, eləyər. Hər insan öz içində ədalətli olmalıdır, ədaləti dünyada axtarmamalıdır. Yüzdə-yüz ədalət axirətdə olacaq. İstəyiriksə dünyamız sağlam olsun, gərək düşüncələrimizi sağlamlaşdıraq.

- Azərbaycan səhiyyəsinin bu günkü səviyyəsini 10 ballıq cədvəldə hansı rəqəmlə qiymətləndirərdiniz?..

- Ümumən soruşursunuzsa, 5-6 balla qiymətləndirirəm. Amma fərdi baxımdan, Azərbaycan səhiyyəsinin sıralarında dünya səviyyəli həkimlər də az deyil. Onların arasında kardioloq da, nervpotoloq da, cərrah da, terapevt də, eləcə də müxtəlif sahələrin həkimləri var. Bizim millətin başqa millətlərdən nəyi əskikdir ki?!. Millətimiz çox qabiliyyətlidir və qabiliyyət olan yerdə də tərəqqi mütləqdir. Səhiyyəmizin orta ballı göstəricidə olması isə insanlarımızın, yaxud həkimlərimizin günahı deyil. Misal üçün, futbolu götürək: bizdə, yaxud 80 milyonluq Türkiyədə futbol dünya səviyyəsinə qalxmır, birincilik əldə eləyə bilmir. Çox çalışırlar, cəhd göstərirlər, ancaq birincilər cərgəsinə gedib çıxmır. Amma, deyək ki, Portuqaliya, Belçika kimi kiçik dövlətlərdə, görün, futbol hansı səviyyədədir... Niyə? Ona görə ki, işi əhlinə vermək lazımdır. Bütün sahələrdə bu qayda hökm sürməlidir.

Düzdü, səhiyyəmizdə islahatlar aparılır. Ola bilsin, 5 ilə, 10 ilə bu islahatların müsbət nəticələrini görəcəyik. Gərəkdir ki, hər bir yöndən hər kəs öz üzərinə düşən işi layiqincə yerinə yetirsin. Yenə də deyirəm, ayrı-ayrılıqda qabiliyyətli, istedadlı, savadlı həkimlərimiz çoxdur, - istər şəhərlərdə, istərsə də rayonlarda. Məsələn, öz xəstəxanamızda Hümbət həkim var. Deyərdim ki, onun kimi lor həkim ölkəmizdə çox deyil. Çox istedadlı, savadlı həkimdir.

Demək istədiyim budur ki, səhiyyəmiz hələlik keçid dövründədir, yeni-yeni islahatlar aparılır, əhalimiz bu islahatlarla tanış olduqca, qavradıqca, həkim-xəstə münasibətləri daha yüksək normaya çatdıqca hər şey qaydasına düşəcək, səhiyyəmizin səviyyəsi yüksələn xətlə irəliləməkdə davam edəcək.

- İşinizdə çətinlikləriniz çoxmu olur? Və çox yorulanda peşə fəaliyyətinizdən bezmirsiniz ki?..

- Bunu həkim həmkarlarım, tibb bacıları, mənə müraciət eləyən xəstələr də təsdiqləyə bilər ki, peşəmlə, iş rejimiylə bağlı heç vaxt şikayətlənməmişəm. Düzdü, gərgin iş günlərinin sonunda hansısa xoş münasibətim olan insanlara “yorulmuşam” deyə bilərəm, amma bu yorğunluq ləzzətverici yorğunluqdur. Peşəmi özüm seçmişəm, işimdən zövq alıram, bu üzdən bezmək, yorulmaq mənə yaddır. Əgər, peşə fəaliyyətimə maneçilik yaradan insanlar və hallar olmasa, zehni və fiziki qabiliyyətim həmişə yerində olur. Ancaq o da istisna deyil ki, hərdən 10 xəstəyə sərf eləyəcəyim enerjini 1 xəstəyə sərf eləməli oluram. Bu da xəstənin, yaxud onun yanında gələn adamın yaratdığı ötəri narahatçılıqdır. Öyrəşmişik.


- Artıq 2024-cü ilin yaz fəslini qarşılayırıq. Maraqlıdır, sizin ovqatınızı daha çox xoş edən fəsil hansıdır?..

- Sözsüz ki, gözəlliyinə, cəzb ediciliyinə, yenilənmə ovqatına görə bahar fəsli, hamı kimi, mənim də xoşuma gəlir. Lakin bir iş də var ki, son illərin göstəricilərinə əsasən, mən üşüyən, soyuqdan ehtiyat eləyən olmuşam. Bu baxımdan, yay fəslinə daha çox meyillənmişəm. Ola bilsin, soyuğa dözümlülüyümün azalması yaş faktoru ilə əlaqəli orqanizm müqavimətinin düşməsinə görədir. Bu nöqteyi-nəzərdən, yalan olmasın, qışda özüm ağırlığında paltar geyinirəm, bürünürəm, özümü qorumağa çalışıram. Digər tərəfdən, yay həm də bolluq fəslidir. Bolluq olan yerdəsə orqanizm lazım olan vitaminləri təbiətdən alır, möhkəmlənir, immunitet yüksəlir.

- İnsanın çox yaşaması üçün vacib amilləri sadalaya bilərsinizmi?.. Ümumiyyətlə, sizcə, insana çox yaşamaq lazımdırmı?..

- Mütəxəssislər, baş bilicilər çox yaşamağın sirləri ilə bağlı müəyyən qənaətlər söyləyirlər. Məsələn: bəziləri deyir, ət yeməklərini azaldıb, göy-göyərtiyə, meyvə- tərəvəzə üstünlük vermək lazımdır; bəziləri deyir, idmanla sağlamlığa qovuşmaq olar; bizim ölkəyə münasibəti xoş olmayan fransızların bir mütəxəssisi isə deyir ki, çox yaşamaq istəyən az yatmalıdır. Onun fikrincə, insan nə qədər çox çalışsa, bir o qədər ömrü uzanar. Sonuncu fikri belə əsaslandırım ki, sutka ərzində 8 saat yatan bir insanın ömrünün üçdə biri yuxuda keçir. Yəni, 80 il yaşamış bir adamın normalda həyatının təxminən 27 ili yatmaqdan ibarət olur. Ancaq hər gün üçün yuxudan iki saat kəsib, 6 saat yatsaq və həmin 2 saatı gözəl işlərə - öyrənməyə, düşünməyə, çalışmağa sərf eləsək, həm ətrafımıza daha çox fayda vermiş olarıq, həm də ömrümüz uzanar. 6 saatlıq yuxuya insan özünü vərdiş elətdirsə, bu da normal sayılır. Çünki orqanizm 6 saat ərzində də öz gücünü bərpa eləyəmə qadirdir.

Bir qədər fəlsəfi düşünsək, ümumiyyətlə, insanın çox yaşaması illərin sayı ilə ölçülmür. 100 il yaşamaqla ömür uzun sayılmır, ömrü uzun edən görülən işdir, verilən faydadır, xeyirli əməllərdir. Məqamı gəlmişkən, Türkiyənin böyük şairi Mehmet Akifin öz ləhçəsində bir kuplet şeirini sitat gətirmək istəyirəm:

Toprakda gezen gölgeme toprak çekilince,
Günler şu heyulayı da er-geç silecektir.
Rahmetle anılmak – ebediyyet budur, amma,
Sessiz yaşadım, kim beni, nerden bilecektir?..


Nümunə kimi Peyğəmbərimizi göstərə bilərəm. 13-14 əsr əvvəl yaşayıb, ancaq hamı Onu rəhmətlə anır, adına salam verir. Halbuki il hesabıyla ömrü çox uzun olmayıb.

- Maraqlı müsahibsiz. Mütaliəniz, düşüncələriniz, dünya görüşünüz dərin görünür. Zəmanəyə, təcrübənizə, biliyinizə əsaslanaraq, deyə bilərsinizmi, insan hardan gəlib, hara gedir?..

- Allah insanı digər canlılardan üstün yaradıb. Düşüncə və iradə insanın özəl üstünlüklərindəndir. İradə nədir? - Seçmək imkanı. Yəni, nəyisə eləyə də bilərsən, eləməyə də. Mələklər nurani varlıqlardır, heç bir seçim etmək iqtidarında deyillər, yalnız Allaha itaət edirlər, Onun əmrlərini yerinə yetirirlər. Ancaq insana seçmək hüququ verilib. Bizə düzgün yol da göstərilib, əyri yol da, yolun hansıyla getmək isə öz seçimimizə bağlıdır. İnsana üfürülən ruh heç bir varlıqda yoxdur. O ruhun 3 üzü var deyirlər: ağıl, iradə və vicdan. Bunlar yalnız insana aiddir. Günəşi də Allah yaradıb, ancaq o heç vaxt ona ayrılan yoldan kənara çıxmır, nə də “mən niyə eyni yolla gedib-gəlirəm, cahanı isidirəm, işıqlandırıram” demir. “Statik qədər” deyirlər buna. Günəş statik qədərini, tabelilik ömrünü yaşayır. Amma insan yolunu özü seçir. İnsana rol verilməyib, rollar tanıdılıb, rolu seçmək insanın işidir. İnsan da gərək seçimində yanılmasın. İnsan ruhani tərəfdən mələklərə bağlıdır, cismani tərəfdən isə bəşərə, yəni canlılara. İnsan ruhi bağla mələk səviyyəsinə qalxa bilər, bəşəri hissləriylə yırtıcılaşa da bilər. Bu mənada, insanın hardan gəlib-hara getdiyini özü müəyyənləşdirir.

- Novruz bayramının əhval-ruhiyyəsini yaşayırıq hazırda. Milli bayram ruhuna tapınaraq, “əjdaha ili”ndə xalqımıza, xəstələrinizə, özünüzə hansı arzuları diləyərdiniz?..

- Sözsüz ki, Azərbaycan Xalqı ən yaxşı arzulara layiqdir. Allah da xalqımızı, millətimizi hərtərəfli çox zəngin yaradıb, istedad, talant verib. Ən əvvəli, xalqımıza dinc, müharibəsiz həyat arzulayıram, inanclı olan hər kəsin Bahar bayramını və qarşıdan gələn Ramazan bayramını təbrik eləyirəm. Sonra arzu eləyirəm ki, xalqımızın həyatı bahar təravətli, sevincli, toy-bayramlı, sağlam olsun.


Arzular öz yerində, bir də qəlbən istəyirəm ki, həmişə xalq olaraq danışıqdan çox, yaxşı əməllərə meyilli olaq, savad, elm, inkişaf yolunda yorulmadan addımlayaq. Üzümüzdən təbəssüm, gülüş əskik olmasın!

- Gərgin iş rejiminin fövqündə, müsahibə üçün vaxt ayırdığınıza görə, sizə dərin təşəkkürlərimizi bildiririk! Həmişə sağlam olun ki, xalqımızın sağlamlıq keşiyində dayana biləsiz!


Söhbətləşdi: Seymur ƏHMƏD

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

13:02

Amerikalı reper Ermənistanı aldadıb - 6 milyon dollar

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO