İranın Azərbaycandakı səfirliyi martın əvvəlində İranda itkin düşmüş tələbə Fərid Səfərlinin taleyini aydınlaşdırmaq vədinə əməl etməyib. Bundan öncə səfirlik aprelin 4-dək bunu edəcəyini tələbənin anasına vəd etmişdi.
"Bu gün aprelin 5-dir, amma səfirlik mənə heç bir məlumat verməyib", - tələbənin anası Dilarə Ələsgərova mətbuata bildirib.
Ana xatırladıb ki, martın 31-də İran səfirinin müavinilə görüşüb, bu vədləri o verib.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Turan.az agentliyinə bildiriblər ki, İran tərəfi Səfərli ilə bağlı notaya da cavab verməyib.
Xatırladaq ki, Fərid Səfərli Almaniyada təhsil alır. Fevralın 20-də Almaniyadan Tehrana gedib. Martın 4-dən sonra onunla əlaqə kəsilib.