Sultan Məcid Qənizadə və ya maarifçiliyin Emin Əmrullayev dövrü

11:40 8.09.2023 2 366
Sultan Məcid Qənizadə və ya maarifçiliyin Emin Əmrullayev dövrü

Bu günlərdə baş verən bəzi xoşagəlməz hadisələr göstərir ki, bilik və mədəniyyətin yayılması kimi ali missiya daşıyan maarifçilik cərəyanının ölkəmizin və xalqımızın həyatında oynadığı misilsiz rol tamamilə unudulub.

Çağdaş dünyanın çağırışları fonunda özlərini “ziyalı” adlandıranların ağlasığmaz hərəkətləri XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda aparılan maarifçilik hərəkatı sayəsində demokratik, dünyəvi respublika quracaq qədər irəli gedən cəmiyyətimizin informasiya texnologiyalarının möcüzələr yaratdığı XXI əsrdə yuvarlandığı deqradasiyadan xəbər verir.

Təbii ki, indiki “nur” daşıyıcılarını kütləvi cahilliyin, savadsızlığın hökm sürdüyü dövrdə misli görünməmiş fədakarlıqla çalışan Sultan Məcid QənizadəHəbib bəy Mahmudbəyov kimi iki maarifpərvər şəxsiyyətin nümunəsi ilə müqayisə etmək qeyri-mümkündür. Rus dilində təhsil alsalar da, doğma dillərində mükəmməl danışan bu iki vətən övladının təhsil, ədəbiyyat, mədəniyyət, incəsənət, jurnalistika sahələrinə bəxş etdikləri töhfələr heyrətamizdir.

Təsəvvür edin, 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirən kimi, onlar Bakıya gəlir və elə həmin il “Rus-müsəlman məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail olurlar. Halbuki həmin dövrdə erməni və gürcülərdən fərqli olaraq, müsəlmanların (oxu: Azərbaycan türklərinin) şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edilmişdi. Onlar yalnız kənd məktəblərində dərs deyə bilərdilər. Amma bu ədalətsizlik və haqsızlıqla barışmayan iki gəncin Bakıda əsasını qoyduqları məktəb sayəsində ictimai-siyasi və mədəni həyatımızda Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli siyasi və dövlət xadimi, Cəfər Cabbarlı kimi istedadlı ədib, Hüseyn Ərəblinski kimi ustad sənətkar meydana çıxır. Həmin məktəbin yüzlərlə məzunundan yalnız müasir, demokratik Azərbaycan Cümhuriyyətinin qurulmasında, milli ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş 3 şəxsiyyətin adını sadalamağımız təsadüfi deyil. Məqsədimiz – Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun sevimli vətənimiz naminə necə nəhəng iş gördüklərini, böyük ürək sahibi olduqlarını diqqətə çatdırmaqdır.

Əminik ki, bu şəxsiyyətlər özünü “millət vəkili” adlandıran Fazil Mustafa kimi Azərbaycan dilində səlis danışmadığı üçün Çingiz Abdullayevi əsaslı tənqidlərə məruz qoyanları “danabaşlar”, “qaragüruh”, “cahil sürüsü” adlandırmazdılar. Əgər istənilən dildə səlis danışmağın şifahi nitqin əsas qaydası hesab edildiyini millət vəkili bilmirsə, buna deyəcək sözümüz yoxdur. Özü də söhbət Azərbaycan Yazıçılar Birliyinin birinci katibindən gedirsə…

Bu yaxınlarda ölkəmizdə yaşadığı üçün Azərbaycan dilini öyrənən bir italiyalı gəncin sosial şəbəkədə videosu yayılmışdı. Bakının mərkəzində şəhər sakinlərinin rus dilində danışmasına heyrət etdiyini söyləyən gənc “İtaliyada insanların italyan dilində deyil, başqa dildə danışdığını görə bilməzsiniz” deyirdi. Allaha şükür edək ki, həmin gənc Azərbaycan dilində bərbad danışıqlarını min gülünc və idbar bəhanə ilə izah edən Çingiz Abdullayevi və Flora Kərimovanı tanımır. İtalyan yazıçılarını və müğənnilərini ahıl yaşında olan bu “ziyalılar”a nümunə göstərsəydi, biz nə edə bilərdik, Ağabala?! Azərbaycanın xalq yazıçısı və xalq artistindən fərqli olaraq, ölkəmizdə müvəqqəti işləməyə gələn amerikalı və ingilis diplomatlar sürətlə Azərbaycan dilini öyrənirlər və bizimlə doğma dilimizdə ünsiyyət saxlamağa çalışırlar…

Qayıdaq maarifçilik məsələlərinə. Görkəmli şairə Xurşidbanu Natəvanın Şuşadakı maarifçilik missiyası xalqımıza Üzeyir bəy Hacıbəyov kimi dahi oğul qazandırdı. Üzeyir gənc yaşlarında Azərbaycan müasir peşəkar musiqi sənətinin banisinə, Azərbaycan opera məktəbinin, bəstəkarlar məktəbinin qurucusuna çevrildi. Qürurla oxuduğumuz Azərbaycanın Dövlət himninin bəstəkarı da böyük Üzeyirdir.

Onun dahiliyi sadalananlarla bitmədi. Xan qızı Natəvanın maarifçilik missiyasını şərəflə davam etdirən Üzeyir bəy Azərbaycanın bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrini – Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Ağabacı Rzayeva, Şəfiqə Axundova və digərlərini, Şəmsi Bədəlbəyli kimi teatr xadimini yetişdirdi.

Bu gün isə Üzeyir bəyin tələbəsi Şəmsi Bədəlbəylinin ləyaqətli övladı Fərhad Bədəlbəyli bəstəkarlıq məktəbinin müasir tələblərə uyğun inkişafı naminə böyük sənətkar Cavanşir Quliyevi rektoru olduğu Bakı Musiqi Akademiyasına işə dəvət edə bilmir. Çünki öz etirafına görə, ləyaqətli həyat sürməsi üçün bəstəkara yüksək maaş vermək iqtidarında deyil…

Halbuki söhbət müasir Azərbaycanın ilk hərbi marşının müəllifindən, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər qismində işlədən bəstəkardan gedir. Bütün hərbi tədbirlərdə və paradlarda onun “Əsgər marşı” əzəmətlə səsləndirilir. Bu marşı Azərbaycanda uşaqdan böyüyədək hər kəs əzbər bilir.

Yeri gəlmişkən, sovet dövrünün sonlarında – 1988-ci ildə – “Aşıq Qərib” filmini çəkərkən erməni əsilli kinorejissor Sergey Paracanov azərbaycanlı bəstəkar Cavanşir Quliyevi kəşf edir. O, Cavanşir Quliyevin çox qısa müddət ərzində filmə bəstələdiyi musiqini “zərif, nəcib, incə və füsunkar” adlandırmışdı. “Bakıda isə biz heyrətamiz bəstəkar Cavanşir Quliyevi tapdıq. O, kinematoqraf üçün heyrətamiz tapıntıdır”, – demişdi o zaman Paracanov.

Biz isə atalarımızın “zər qədrini zərgər bilər” sözünü çoxdan unutmuşuq və Cavanşir Quliyevin müasir musiqi əsərləri yaratmaq baxımından 5-6 layiqli davamçı yetişdirməsinə heç bir şərait yarada bilmirik və əllərimizi acizliklə yellədirik…

Əvəzində elm və təhsil naziri Emin Əmrullayevin yeni tədris ili qarşısında jurnalistləri başına toplayıb keçirdiyi brifinqə baxırıq. Nazir məktəb direktorlarının və müavinlərinin əmək haqqına olan əlavələrdən, yaş üzrə müəllimlərin paylanmasından və sairdən bəhs edən sxemləri təqdim edir, təhsil sahəsinin hər bir ailəni, hər bir uşağı əhatə etdiyini əminliklə söyləyir. Amma nazir Cəlilabadın ucqar Darlıq kəndindəki uşaqların (bəlkə analoji durumda olan bir neçə kənd də var) bu böyük ailədən kənarda qalmasını heç vecinə də almır.
Məsələ bundadır ki, artıq bu il yayın ortasından başlayaraq media əhli Darlıq kəndində böyüyən uşaqların məktəbə gedə bilmədiyi barədə həyəcan təbili çalır.
İş o yerə çatıb ki, məqbul təhsili olmayan 77 yaşlı kənd sakini Məmmədəli Qurbanov öz evinin həyətində məktəbə gedə bilməyən kiçik uşaqlara əlifbanı və saymağı öyrətməyə çalışır. Bir sözlə, ahıl yaşında maarifçilik missiyasını öz üzərinə götürüb. Çünki 1982-ci ildə kənd sakinlərinin özlərinin inşa etdikləri ibtidai məktəbin fəaliyyəti 2009-cu ildən dayandırılıb.

Əlbəttə, Lənkəran–Astara regional təhsil idarəsinin, eləcə də Elm və Təhsil Nazirliyinin problemi çözməmək üçün min bir bəhanəsi var. Deyəcəklər ki, yol, işıq, qaz, təhsil, səhiyyə problemləri üzündən sürətlə boşalan kənddə kütləvilik olmadığından, 5-6 uşağa məktəb açmağa ixtiyarları yoxdur.

Amma bəs vicdan? Oxumağa həsrət qalmış uşaqların günahı nədir? Nazir və digər məmurlar öz uşaqlarını həmin kənd uşaqlarının, məsələn, 11 yaşlı Firəngiz Dünyamalıyevanın yerinə qoya bilirlərmi?

Sual olunur: yaşadıqları yeri seçmək iqtidarında olmayan uşaqların təhsil almaq hüququnu kim həyata keçirməlidir? Bu, məgər Elm və Təhsil Nazirliyinin, eləcə də digər müvafiq idarələrin boynunun borcu deyilmi?! Milli Məclisdə Cəlilabadı təmsil edən deputatlar Malik Həsənov, Elman Nəsirov, Fəzail İbrahimli niyə seçicilərinin və onların övladlarının problemləri ilə maraqlanmırlar?!

İndi biz millətimizin övladlarına “balıq paylamağı deyil, balıq tutmağı” (oxu: təhsil almağı) öyrədən Sultan Məcid Qənizadə və qızlar məktəbini açan Hacı Zeynalabdin Tağıyev kimi saf, fədakar şəxsiyyətləri haradan tapaq?(Konkret.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO