Filmləri ilə yaddaşımızı qorumağa çalışan sənətkar

01:16 27.01.2023 1 834
Filmləri ilə yaddaşımızı qorumağa çalışan sənətkar

Kino, ilk növbədə, quruluşçu rejissor təfəkkürünün məhsulu olsa da, müxtəlif mövzulu həyat hekayələrinin təsvirini kinooperatorların (təsvir rejissorlarının) nəzərlərində izləyirik. Azərbaycan kinosunda məzmunlu yaradıcılıq üslubuna görə seçilən, sevilən operatorlardan biri də Əməkdar incəsənət xadimi Zaur Məhərrəmovdur. “Azərbaycanfilm” kinostudiyasında 70-ə yaxın filmin ərsəyə gəlməsində iştirak edən operator yanvarın 28-də 85 yaşını qeyd edəcək. Yubilyara möhkəm cansağlığı arzulayırıq, bu yazıda isə sənət dostlarının söhbətlərində yaradıcılığına, şəxsiyyətinə daha yaxından nəzər salmağa çalışacağıq.

İnsan peşəsinin vurğunu olanda uğur həmişə yanında olur. Zaur Məhərrəmov da kinostudiyadakı fəaliyyəti boyunca (1956-cı ildən) yüksək peşəkarlıq nümayiş etdirib. Kinooperator kimi 10-dan artıq bədii (“Mən mahnı qoşuram”, “Gözlə məni”, “Xatirələr sahili”, “Qızıl qaz” və s.), 50-dən çox sənədli (“Qobustan”, “Naxışların yaddaşı”, “Daşlar danışanda” və s.) film çəkib. Həmçinin müxtəlif mövzulu sənədli filmlərin rejissor-operatoru (“Daş yaddaş”, “Azərbaycana səyahət” və s.), ssenari müəllifi (“Soltan quşunun sorağında” (Toğrul Cuvarlı ilə birgə), “Əshabi-Kəhf” və s.) olub. Çəkdiyi filmləri beynəlxalq festivallarda iştirak edib.

Sənətkarın yaradıcılıq yoluna Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevlə ekskurs edirik: “Zaur Məhərrəmov milli kinomuzda öz dəst-xətti ilə seçilən, tamaşaçıda yüksək estetik zövqlə audiovizual mədəniyyət formalaşdıran, filmləri və yaratdığı “Yaddaş” studiyası ilə xalqımızın yaddaşını qorumağa çalışan görkəmli kino sənətçisidir. Onunla ilk tanışlığım 1969-cu ildə oldu. O vaxt mən fotomüxbir qismində “Qobustan” və “Ulduz” jurnalları ilə əməkdaşlıq edirdim. Politexnik İnstitutunu atıb, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyirdim. “Azərbaycanfilm”də həmin instituta oxumağa göndərmək üçün seçim komissiyası fəaliyyət göstərirdi. Zaur bəy də həmin komissiyanın üzvü idi. Çəkdiyim fotolara baxıb bəyəndi və məni komissiyanın sədrinin yanına göndərdi. Amma mən seçimdən keçmədim. Sonra məlum oldu ki, artıq məndən qabaq seçim edilmişdi. Belə olan halda Zaur bəy mənə kinostudiyada işləməyi təklif etdi və imkan olan kimi zəng edəcəyini söylədi. Bir ay keçmədi ki, mənə zəng etdi və Kinoxronika şöbəsinə işə düzəltdi. İki ildən sonra mən Moskvada instituta daxil oldum. Ümumiyyətlə, Zaur bəy təkcə mənə belə qayğıkeş münasibət göstərməmişdi. Bir balaca istedad görən kimi kömək üçün əlindən gələni əsirgəmirdi...”.

Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbas da sənət dostu haqqında fikirlərini bölüşür: “Onunla ilk görüşüm 1976-cı ildə oldu. Buna qədərsə onun yaradıcılığına müəyyən qədər bələdçiliyim vardı. Operator kimi quruluş verdiyi “Uşaqlığın son gecəsi”, “Ad günü” və başqa filmlərə baxmışdım. Kinostudiyada onunla ilk işim sənədli kinodan başladı və mənim yaradıcılığıma çox təsiri oldu. “Azərbaycanfilm” kinostudiyasında 7 il işlədikdən sonra ali kino təhsili almaq məqsədilə sənədlərimi Ümumittifaq Kinematoqrafiya İnstitutuna verdim, Kinooperatorluq fakültəsinə qəbul oldum. Ora hazırlıqsız getmək istəmirdim. Bu işdə də Zaur bəyin mənə çox köməyi oldu. Onu özümə müəllim kimi qəbul etmişdim.

1980-ci illərin sonlarında “Azərbaycanfilm” kinostudiyasında üç yaradıcılıq birliyi (“Salnamə”, “Rakurs”, “Yaddaş”) yarandı. “Yaddaş” studiyasının yaranması Zaur bəyin təşəbbüsü idi. Zaur Məhərrəmov, Nəriman Əbdülrəhmanlı (redaktor), Xanlar Cəfərov (prodüser) və mən bu studiyanı yaratdıq. Sonra gənc kinematoqrafçıların studiyaya axını başladı. Burda azad düşüncə sahibləri çalışırdı. Azad düşüncənin olması isə Zaur bəyin aurasından yaranmışdı. Zaur bəy həmişə gənclərə dayaq olurdu.

1988-ci ildə Meydan hərəkatı başlayanda “Yaddaş” studiyasının kameraları daim fəaliyyətdə idi. Bir gün Zaur bəyə xəbər verdim ki, insanlar meydana toplaşır, mən ora gedirəm. Ancaq kamerasız getmək istəmirəm. Zaur bəy mənim ora getməyimdən bir qədər ehtiyatlanırdı. Düşünürdü ki, gedərəm mənə nəsə olar. Mən meydana getdim və gəlib vəziyyəti ona danışdım. Zaur bəy artıq kinostudiyanın rəhbəri Ramiz Fətəliyevlə söhbət aparmışdı. Beləliklə, biz 5 nəfər (Köçəri Məmmədov, Rafael Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və mən) 18 gün Azadlıq meydanında qaldıq, sona qədər də orda olduq. Zaur bəy həmin hadisələrdə də hamımızla məsləhətləşirdi. Hərdən mübahisələrimiz olurdu. Amma bu, yaradıcılıq mübahisələri idi. Buna görə də bir-birimizdən incimirdik, normal qəbul edirdik. İndi də hərdən telefonla danışırıq, birlikdə işlədiyimiz vaxtlarda baş verən hadisələrdən söhbət açırıq...”.


Hüseyn Mehdiyev: “Zaur Məhərrəmov “Yaddaş” studiyasını yaradaraq ölkəmiz üçün vacib olan, Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı kino tədqiqatları apardı, onun nəticəsi kimi “Mirzə Kazımbəy”, “Sənsiz”, “Almas İldırım”, “İstiqlal yollarında” və digər filmləri ərsəyə gətirdi. Bu filmlərdə o vaxtadək açıqlanmayan və yaxud təhrif olunaraq təqdim olunan informasiyalar daha dəqiq və dolğun şəkildə, yüksək estetik, emosional formada tamaşaçılara çatdırılır, onlarda vətənpərvərlik, qürur hissi oyadır. Həqiqətləri üzə çıxaran sənədlər və faktlar üzərində çəkilən bu filmlər sənədli kino tariximizin inciləridir. Ömrünü kinoya həsr edən Zaur Məhərrəmovun yaradıcılığı ümumilikdə Azərbaycan kinosunun parlaq səhifələrindən birini təşkil edir”.

Nizami Abbas: “Onunla sənədli kino ilə yanaşı, bir neçə bədii filmdə də çalışmışam. “Tənha narın nağılı”, “Qocalar, qocalar” filmlərində işləmişəm. Sonralar isə “Yaddaş” studiyasında müstəqil rejissor kimi onunla birgə filmlər çəkmişəm. İlk rejissor işim olan “Sərhəd” (1990) filminin tarixçəsini qısa danışım. Bir gün şair dostum İlham Behrud xəbər verdi ki, Ordubadda sərhədboyu müəyyən hadisələr baş verir. Həmin hadisələri çəkmək istədiyimi Zaur bəyə bildirdim. Digər filmlərdən qalan lentləri götürüb İlham Behrudla birlikdə Ordubada yola düşdüm. Orda sovet əsgərləri təzyiq göstərir, çəkilişlər apamağımızı istəmirdilər. Ancaq biz istəyimizə nail olduq. Buna da oradakı əhvali-ruhiyyənin təsirinin böyük köməyi oldu. Sovet əsgərləri bir növ aciz qaldılar.

Onda Zaur bəylə bir də əlaqə saxladım ki, lent çatışmazlığı yaranıb, mənə çəkiliş üçün lent lazımdır. Zaur bəy də Bakıdan təcili olaraq lentləri göndərdi və biz çəkilişləri davam etdirə bildik”.


Hüseyn Mehdiyev: “Zaurun yaradıcılığı mürəkkəb və çoxşaxəlidir. Filmləri yüksək poetik obrazlılığı ilə seçilir. Azərbaycan kinosunda təsviri sənətinin inkişafında Zaurun rolu böyükdür. Onun təbiəti yaratmaqdır. Yaratmaq isə dünyaya özəl baxış tələb edir. Bu baxış da təkcə təsvirlə məhdudlaşmır. Yaratmaq – zamanı, məkanı hərəkətdə, yeni və özəl dramaturji formada görüb fiksasiya etməkdir. Bu isə rejissorun funksiyasıdır. Zaurun bütün yaradıcılığı buna sübutdur.

Azərbaycan kinosunun təsvir sənətinə poeziya ruhunu gətirən Zaurun öz aləmi var və o, bunları filmlərində təsvir rejissoru istiqamətində realizə etməyə çalışıb. Rejissorluq, ilk növbədə, tamaşaçı ilə özünəməxsus “danışıq” dilidir. 1970-ci ildə o, “Çörək” sənədli filmini çəkdi. Bu film onun istədiyi aləm idi. Zaur ekrandan tamaşaçı ilə özünəməxsus dillə danışırdı...”.


Nizami Abbas: “Kinostudiyada onun otağına tez-tez bəstəkar Xəyyam Mirzəzadə, rəssam Kamil Nəcəfzadə, operator Arif Nərimanbəyov, rejissor Şamil Mahmudbəyov və digər görkəmli kino xadimləri gəlirdi. Onların sənət haqqındakı söhbətlərinə maraqla qulaq asırdım. Ümumiyyətlə, Zaur bəylə işləmək çox maraqlı idi. Onunla yaş fərqimiz olsa da, bunu hiss etmirdim. Yaradıcılıq səmimiyyət olan yerdə yaranır. Səmimilik olan yerdə isə münasibətlər də normal qurulur, iş də yaxşı alınır.

Onunla sonuncu filmim “Əzablı yollar” sənədli filmidir. Film Cümhuriyyət tariximizdən bəhs edir. Filmin çəkilişlərini 4 ay ərzində Almaniyada, Fransada, Türkiyədə apardıq. Fransada Ceyhun Hacıbəylinin məzarı üstündə birlikdə çəkdirdiyimiz şəklimiz də var. Bu filmdən sonra Zaur bəy ailəsi ilə birlikdə Türkiyəyə köçdü, orada pedaqoji fəaliyyət göstərməyə başladı...”.

Hüseyn Mehdiyev: “Zaur Məhərrəmov uzun illərdir ki, Türkiyənin Əskişəhər Universitetinin professoru kimi fəaliyyət göstərərək neçə-neçə sənətkar yetişdirib, həmçinin kino sahəsi üçün vacib olan kitablar nəşr etdirib. Hazırda da yeni kitablar üzərində işləyir...”.

Şəhla Əmirli
kinoşünas
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}