“Mən 96-cı ildə bəraət almışam, qardaşoğlu. Düz 96-cı ildə. 1956-cı ildə şəxsiyyətə pərəstişliyin nəticələri ləğv olunandan 40 il sonra. Al, bu da sənədim”.
Deyibən də Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Hüseynovun imzaladığı sənədi çıxarır:
“1955-ci ildə anadan olmuş Nəsibov Vəli Alı oğlu 1956-cı il aprel ayının 29-da SSRİ DİN-in müvafiq əmri ilə sürgündən azad edilmişdir. "20-50-ci illərdə bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpa edilməsi haqqında” 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə siyasi repressiya qurbanı sayılmaqla təmizə çıxarılmış hesab edilir”.“Bir şair yaşayır Biləcəridə…”
Əslində "Nəsibov Vəli" adı sizə heç nə deməyəcək. Bəlkə də özü də öz soyadını çoxdan unudub. Çünki onu soyadı ilə çağırmırlar. Kimi “şair”, kimi “əmi” deyir Vəliyə. Özü isə özünə dərviş. Vallah, mən onun dərvişliyini görməmişəm. Bəlkə də dərvişlik edir. Amma mənim bu dərviş “institutundan” anlayışım yoxdur. Əgər dərvişlik 30 ildir hər səhər Biləcəridən gəlib “Azərbaycan” Nəşriyyatının birinci mərtəbəsindəki bufetində lövbər salmaqdırsa, tamam, qoy olsun dərviş. Ona qalsa İlyas Ərnəfəs sufi mürşididir ki? Çünki uzun saçlı, daim sanki zikr edən İlyas elə görünüşündən sanki dərvişdir.
Amma Vəlinin bir
“Ocaq”ı da var, axı? Elə dərvişsayağı çıxır. İçindəki yazılardan ancaq hiss etmək olar ki, hə, bunun baş baş redaktoru kimdirsə, qeyri-standart adamdır. Qəzetin özü isə elə rəhbərinin dediyi bir şeirdə olduğu kimi,
Bir şair yaşayır Biləcəridə,
Yarı yuxuludur, yarı da sərxoş.
Bir şair yaşayır Biləcəridə,
Əlləri cibində, cibləri bomboş.“Vəli müəllim, siftə ver də...”Hər halda, tanıdığım neçə vaxt ərzində mən Vəlini nə yarıyuxulu, nə yarısərxoş, nə də ciblərini bomboş gördüm. Hər səhər saat düz 10-da, əlində iki qəzet – adlarını yazmıram reklam olar – birinci mərtəbədəki bufetin bufetçisi Anarın “6-cı stol” adlandırdığı masanın başında oturub qəzetləri vərəqləyir. İlkin olaraq menyüda bir stəkan çaydır. Çay stola gəlməmiş Anar yaxınlaşır:
“Vəli müəllim, siftə ver də...”
Sonrakı dialoq is belə davam edir:
- Nooolub ayə, indijə gəlmədikmi?
- Vəli müəllim, çayın pulunu ver, 20 qəpiyi, sonra yaddan çıxacaq.
- Yeri get, çıxmaz.
- Oldu, gedirəm. Amma yaddan çıxsa, məndən incimə.Amma həmin 20 qəpik günortadan sonra yüz faiz həm Anarın, həm də Vəlinin yadından çıxacaq. Günorta üstü başlayıb, ta Anar bufeti bağlayanadək baş verəcək “yeyib-içmək” prosesindən sonra alınan “şot”dan sonra 20 qəpikmi yada düşər? Həm də elə həmin “şot”dan sonra Anara o iyirmi qəpikmi lazımdır? Ona da Anar deyərlər ha?
“Nəşriyyat məni tilsimə salıb...”- Nəşriyyat tilsimə salıb qardaşoğlu, məni. Çıxıb gedə bilmirəm. Bura sanki bir bataqlıqdır, girdin çıxa bilmirsən. Düz 30 ildir bu bataqlıqdayam. 30 ildir ki, günüm bü yeməkxana ilə başlayır, bura ilə də qurtarır.
- Bəs bezdirmir?- İnanırsan, yox. Çünki mühitə alışmışam.
- Və hər gün də mey məclisləri.
- …
- Rəhmətlik Süleyman Osmanoğluna belə bir sual vermişdim bir vaxt. Dedim, əmi, indiyəcən sənin qara ciyərindən neçə ton araq keçib. Dedi, hesablamamışam. Və oturduq Süleymanın neçə yaşından araq içdiyini, gündə təxminən ortalama nə qədən “şərab istemal etdiyini” hesabladıq. Vallah yadımda deyil. Neçə tonsa spirt alındı.
- (Gülür) Məndə bir az çox olar.
- Çox deyəndə nə qədər?- Nə bilim ayə? (Gülür)
"Qazaxdan Tomska…" Oturub hesablayıram. Vəli əmi əgər gündə ən azı yarım litr araq içirsə, bu ildə təxminən 183 litr edir. Bunu da 30 ilə vursaq? Vay, vay, vay, Anan ölməsin qara ciyər yiyəsi, düz 5 tona 500 litrə yaxın eləyir. Amma bu təkcə nəşriyyatda həzm-rabedən keçirilənlərdir. Vəli əminin 26 yaşından sonra başlayan “prosesdir”. Bəs 26-ya qədər haralardaymış Vəli?
Nəsibovlar ailəsi SSRİ vaxtında iki dəfə sürgün olunublar. Bir dəfə 30-cu illərdə, bir dəfə də müharibədən sonra. Türkiyədə yaxın qohumları yaşayıb. Bu da onlara baş bəlası olub. 50-nin əvvəlində Nəsibovlar ailəsi atası Alı kişi başda olmaqla Tomsk vilayətinin Baxça rayonuna sürgün ediliblər. Vəli də elə orda anadan olur.
- Babam Əmiraslan Stalinlə bir yerdə Qori seminariyasında oxuyub. Amma o vaxt qohumlarımızın heç biri Stalinə məktub yazmayıblar ki, bizi günahımız yoxdur, bizi sürgündən azad etsin. Mənim atama, hələ sürgündə olanda Sosialist Əməyi Qəhrəmanı adı vermək istəyirdilər. Tomskda tanınmış çoban idi. Amma atama deyiblər ki, burda qal. O isə razı olmayıb, Azərbaycana qayıdıb. Daha doğrusu, anam israr edib ki, vətənə qayıdaq. Özü də maraqlı arqumenti olub. Deyib ki, qorxuram oğlanlarım böyüyə rus qızı ala.
"Tomçaylı, yaxud Tomski?"
- (Sözünü kəsirəm) Tomsk yadında qalıbmı?
- Yox, təbii. Biz ordan köçəndə bir yaşım vardı. Amma məndən böyük qardaşlarım oranı qismən də olsa xatırlayırlar. Hətta qardaşım, rəhmətlik Eldar Nəsib öz şerlərini “Sibirel” imzası ilə yazardı.
- Bəs atan rəhmətlik tərslik eləməsəydi, Sosialist Əməyi Qəhrəmanı adını almağa razılaşsaydı, yəqin, indi Sibirdə “Tomçaylı” təxəllüsü ilə yazırdın. Yaxud da Tomski. Maraqlı imza olardı (Bu dəfə mən gülürəm).
- Maraqlı sualdır. Amma sənə bir söz deyim. Bu bizim Xram çayı ki var, Kürlə bərabər mənbəyini Türkiyədən götürür. Kür Qazaxı yarıb keçir, bütün Azərbaycan boyu axır, amma Xram Azərbaycan ərazisindən cəmi 6 kilometr keçir və Kürə birləşir. Mən elə bu 6 kilometrin şairiyəm.
“İmkan versəydilər “Neftçi”də oynayırdım...”- Və uşaqlıqdan fikirləşdin ki, Səməd Vurğun kimi şair olum…- A tövbə… Nə şair, ayə. Ən böyük arzum bilersənmi nə idi? Futbolçu olmaq. Futbol mənim sanki qanıma yazılmışdı. O vaxt imkan versəydilər, həmin zaman ən azı “Neftçi”də, ya da “Dinamo” Tiflisdə top qovurdum.
- Şengeliya, Çivadze, Qutsayevlə birgə?
- A qardaşoğlu, onları ayağıma dolayardım eee…
- Səndən başqa da Xramçaylı var?
- Deyəsən, yoxdur. Amma kimsə “Xramçaylı” təxəllüsü götürsə, etiraz eləmərəm. Bir dəfə belə bir şeir yazmışdım:
Ya qazi ol,
Ya dərviş ol,
Ya şəhid!
Sən dərvişsən, ay dərviş Vəli!
Elə kitablarımdan biri də belə adlanır:
“Bir dərvişəm yer üzündə”.
- Səndən başqa “dərviş” imzası ilə mətbuatda çıxış edən olub?- Niyə ki? Məndən başqa iki dərviş var. Dərviş Osman, bir də dərviş Cavanşir.
“Şıxlı imzası götürmək ağılsızlıqdır...”
- Bəs nə əcəb “Şıxlı” imzasını götürmədin? Özün ki Şıxlıdansan?- Qardaşoğlu, o boyda nəhəngdən sonra Şıxlı imzası götürmək ağılsızlıqdır. İsmayıl Şıxlıdan sonra hansı ağılla “Şıxlı” imzası götürəsən, başım çıxmır. Sənə bir sirr açım. Bilirsənmi, Vidadi Babanlı bir vaxtlar “Şıxlı” imzası ilə yazmaq istəyib. Daha doğrusu, təzə-təzə Şıxlı imzası ilə çıxış edib. Sonradan ona deyiblər ki, bu boyda İsmayıl Şıxlıdan sonra bu imzanı götürmə. O da razılaşıb. İsmayıl Şıxlı əsl Azərbaycan kişisidir. Onun yaratdığı Cahandar ağa əslində tarixi şəxsiyyətdir. Və mənim ana babamdır. Cahandar ağanın qızını mənim babam Qara Məmməd alıb. Hə, bir şey də deyim. Kitabda da, kinoda da adı keçir a, Cahandar ağanın oğlu Şamxal. Qoriyə oxumağa gedən. Əslində onun əsil adı Qiyas bəydir. O da mənim qohumumdur. İsmayıl Şıxlı ən azı “Dəli Kür”lə imzasını Azərbaycan ədəbiyyatına qoyub. Ümumiyyətlə, İsmayıl Şıxlı özünü həm Azərbaycan ədəbiyyatına, həm də kişilik tarixinə yazdırmış şəxsiyyətdir. Bütövdür, nəhəngdir İsmayıl Şıxlı!
- İsmayıl Şıxlı nəhəngdir, yoxsa Səməd Vurğun?- (Gülür) Ayə, qardaşoğlu, şairə, özü də qazaxlıya elə əndrəbadi sual verirsən ki...
- Bəs sənin üçün beş ən yaxşı ədib kimdir?
- Fizuli, Vidadi, Blok, Lermontov, Yesenin.
- Bəs Səməd Vurğun, Sabir? İkincini necə deyərlər qoydum bir yana. Birincini ilk beşliyə salmadığına görə, qorxmursan qazaxlılar səni linç edərlər? (Gülürəm)- Yox qardaşoğlu. Mən düşündüyümü deyirəm. Vurğunla Sabir mənim üçün ikinci mərhələdir.
“Səməd Vurğun heç bir birliyin üzvü olmazdı”
Xramçaylı ilə keçirik AYB, AYO münasibətlərinə. Deyir, özüm AYB-nin üzvü olsam da, AYO-da da dostlarım var.
- Məncə ədəbiyyatda, yaradıcılıqda meyar olmamalıdır. AYO kiminsə istedadını üzə çıxara bilirsə, eşq olsun onlara. Mənim yadıma gəlir, vaxtı ilə Murad Köhnəqalanı, Rasim Qaracanı heç kim çap etmək istəmirdi. Amma indi onları hamı çap etmək istəyir. Mən yaxşı şair olmasam da, yaxşı oxucuyam. Kimin harda olduğunu gözəl bilirəm.
- Şair, belə bir sual verim. Səməd Vurğun sağ olsaydı, indi hansının üzvü olardı, AYO-nun, yoxsa AYB-nin?- Heç birinin başın haqqı.
- Niyə?- Havalanardı yazıq şair.
Sonra şair son günlər dəbi aləmdə baş verən qalmaqallara da toxundu. Şair deyir ki, mənasız dartışmalardır.
- Biz bunlara böyük gözü ilə baxırıq. Bunlar da bir-biri ilə dartışırlar. Dartışırsınız, dartışın ee, ölülərlə nə işiniz var!? Özünüzdən yapışın da.
***
Şairlə adama iki parç pivə içib sağollaşrıq. Ayrılanda bircə onu deyir, yazı nə vaxt gedəcək?
“Yaxın günlərdə, şair” deyə cavab verirəm.
- Nəşriyyatdayam da, qadan alem, gedən kimi, xəbər elə.
Di al, getdi. Bəs sən nə vaxt nəşriyyatdan gedəcəksən?/Səbuhi.
...İndi nə rəhmətlik Səbuhi var, nə də onun qoyub getdiyi Mətbuat evi. Oba köcüb yurdu qalıb. Nəşriyyatdakı kafelərın hamısı baglanıb. Ancaq Vəli Dərviş qoz kimidir. O da var ki, Dərviş Vəlini tapmaq ücün gərək əvvəlcə telefon nömrəsini tapasan, bir gün irəlidən zəng edib görüş təyin edəsən, sonra filan-bəsməkan...
Bu da sadəcə Vəli Xramcaylı...
Elə Dərviş Vəli... Bu ad hamımıza yaxşı tanışdır. Bu adın arxasında uzaq Sibirdən bəri Tanrı vergili bir söz adamının hər biri ədəbiyyat camiəsində hadisəyə cevrilən yüzlərlə şeirləri dayanır. Cagdaş poeziyamızın ünlü isimlərindəndir Dərviş Vəli Xramcaylı... Nə yazıq ki, saglıgında hər böyük, qeyri-adi sənətkar öz millətinin ögey övladıdır. Dərviş Vəli də eləcə, tale oxşarı rəhmətlik Əli Kərimə bənzəyir. Vəlinin hansı şerini oxusan, mütləq ondan Azərbaycan ətri gəlir...
Dərviş Vəli bax belə adamdır. Dünyaya doğru zamanda, doğru məkanda gəlmək də bir tanrı xoşbəxtliyidir. Belə görünür ki, o, bizim zəmanəyə ya keçmişlərdən, ya da gələcəklərdən səhv düşüb, yolunu azaraq gəlib. Bu qədər döstün-tanışın icində tənhadı Dərviş Vəli.
Bircə gücü özünə və sözünə çatır, özünü içki ilə ovundurur. İçmək yaddaşı sıfırlamaq üçündü bəlkə? Bu “üsulu” hər sənətkar bilməz axı...
İlləri yola sala-sala bir-iki aya 70-ini tamam edəcək Dərviş Vəli. Maləsəf özü-özünə qiymət verməyi bacarmır və bacarmayacaq da... Bu da onun taleyidi...
Deyir ki,
"Mən bir dərvişəm. Dünyaya Sibirdə gəlmişəm, Azərbaycanda böyümüşəm, bu torpağın dərvişi kimi də yaşayıram..."
Dərviş Vəlinin nə hökumətdən, nə də Yazıcılar birliyindən təmənnası-zadı yoxdu... HEC OLARIN DA AGLINA BELƏ GƏLMƏZ Kİ, Mətbuat evində bir DƏRVİŞ VƏLİ VAR... CÜNKİ...
İNDİ ŞAİRLƏRİ GULLƏLƏMİRLƏRIndi şairlərdə azıb yolunu,
Daha misralardan qan iyi gəlmir.
Tərifə, təltifə açıb qolunu,
İndi şairlər də güllədən ölmür.
İndi şairləri güllələmirlər…
Haqqa üz çevirib, haqqı demirlər,
İndi şairlər də əl çalan olub.
Harama üz tutub, halal yemirlər,
Vəzifə önündə alcalan olub
İndi şairləri güllələmirlər…
Yağının əlində qalan daglara
Yalandan-palandan tərif toxuyur.
Qaraya ag deyir, qara aglara,
Daha nəfsi də yalan qoxuyur,
İndi şairləri güllələmirlər…
Bir qaşıq qanından qorxan şairlər,
Sinəsində orden medal gəzdirir.
Bu təltif ölüsü xoxan şairlər.
Daha bu milləti yaman bezdirir,
İndi şairlər güllədən ölmür,
İndi şairləri güllələmirlər…
***
Sibirdi, Sibirdi, ay dərviş Vəli
Öldü duyguların, çiçək bitirməz,
Bu yol mənizilinə səni yetirməz,
Su südü, neyləsən ləkə götürməz.
Su birdi, su birdi, ay Dərviş Vəli.
Heç kim dözəmməzdi sən dözən dərdə.
Könül vərəndə də veriynən mərdə.
Gözünü dünyaya açdigın yer də
Sibirdi, Sibirdi, ay Dərviş Vəli
Bu nədi, canına qorxumu girdi,
Bütün hökmüdarlar gözündə birdi,
Yerin ya sürgündü, ya da qəbirdi,
Qəbirdi, qəbirdi, ay Dərbiş Vəli…
***
Özü boyda bu dunya bir cavabsiz sualdı
Bəs bu necə zamandi gəlib belə yetişdi
Ürəyim sözə baxmır, əlim qələmə yatmır.
Nə Qarabağ yarası qaysaqlanib bitişdi,
Məni oyadan qələm daha məni oyatmır
Hər kəlmə addimbaşı əcəl bizi izləyir,
Dağilmalı dünyadı, dağılmır ki, dağılmır.
Qapımızı kəsdirib ölüm bizi gözləyir.
Boğulmalı dünyadı, boğulmur ki, boğulmur.
Adam ölmək istəmir, anaların gözündə
Ağlamağa neyləsin bir gilə yaş qalmayıb.
Bu gördüyün dünyanın göz işləyən düzündə,
Sapanda qoyulası bir dənə daş qalmayıb.
Mən Sürğündə doğuldum, yerim vallah sürğündü,
Hər gecəmin əlindən könlümü fikir aldı.
Belə ömur-ğün olmaz, bu nə ömür, nə gündü,
Özü boyda bu dünya bir cavabsız sualdı...
***
Gedək bu şəhərdən mənim ürəyim
Kiminin bəxtinə güldü bu şəhər,
Kiminin bəxtinə küldü bu səhər,
Mənim gözlərimdə öldü bu şəhər,
Gedək bu səhərdən mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.
Gah buzdu, gah da ki, oddu bu şəhər,
İçimə, çölümə yaddi bu şəhər,
Gör məni haraya atdı bu şəhər,
Gedək bu şəhərdən mənim ürəyim,
Mənim bu səhərdə nə ölumüm var.
Adamı qarşıyıq, sıxır havası,
Bu şəhər ömrümün qərib yuvası,
Hələ qarşıdadır mənlə davası,
Gedək bu şəhərdən mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.
Burda gur işıqlar adam aldadir,
Burda igidlərin başi qaldadır,
Anamın qəbrinin gözü yoldadır,
Gedək bu şəhərdən mənim ürəyim
Mənim bu şəhərdə nə ölümüm var.
***
Dərsimi almisam haqdan
Bu nə qanun, bu nə qayda.
Sən nə hayda, mən nə hayda,.
Iynənin ulduzu boyda,
Hanı əl yeri, əl yeri.
Oyanaydım qəfil səsdən,
Hardasan ey boyu bəstəm...
Yolunu sal sinəm ustən,
Di gəl, gəl, yeri, gəl yeri.
Dərsimi almışam haqdan,
Məni qinama nahaqdan
Dərviş Vəli ağlamaqdan,
Sinəm göl yeri, göl yeri..
***
Bir adam yoxdumu
Sandıqlar açilıb, düz üzə çıxdı,
Namərd bəlli oldu, mərd düzə çıxdı,
Yenə gözlərində qəm dizə çıxdı,
Çıxdımı, çıxdımı, ay Dərvis Vəli.
Belə yazmış olar, bu da yazdımı?
Səsimi-sözümü görən yazdımı?
Bu dərd mən boydadı, söylə azdımı,
Çoxdumu, çoxdumu, ay Dərvis Vəli.
Bu sandıq açılıb nə atılası?
Nə var ki, gözünə nə qatılası?
Bir adam yoxdumu, uz tutulası,
Yoxdumu, yoxdumu, ay Dərvis Vəli?
***
Hayıf bu zamanda yaşayanlara
Haqlının yerinə haqsız dindisə,
Mərdin də taxtına namərd mindisə,
Adamın bir üzü daha mindisə,
Lənət, bu zamanın üzünə lənət…
Hayıf bu zamanda yaşayanlara.
Yaxşılar icindən cürüyüb gedir,
Ömrünü birtəhər sürüyüb gedir,
Yalan ayaq acıb yeriyib gedir
Lənət, bu zamanın üzünə lənət
Hayıf bu zamanda yaşayanlara,
Bu gun öz zatını çoxu dandısa,
Özünü hamıdan haqlı sandısa,
Qurunun oduna yaşı yandısa
Lənət, bu zamanın üzunə lənət,
Hayıf bu zamanda yaşayanlara.
Dədə axtaranın dədəsi yoxsa,
Belə zamananın gədəsi çoxsa,
Əyrisi düzünün gözünə oxsa,
Lənət, bu zamananın üzünə lənət,
Hayıf bu zamanda yaşayanlara,
Qananı, qanmazı əl çalandisa,
Bu qədər əl çalıb alçalandısa,
Alçala-alçala ucalandısa
Lənət, bu zamanın üzünə lənət
Hayıf bu zamanda yaşayanlara.
Hayıf bu zamanda yaşayanlara…
***
Yovşan qoxusuHanı uşaqlığın yovşan qoxusu,
Hanı o günlərin dovşan yuxusu.
Daha xəyalımda yaşar çoxusu
Dönüb xatirəyə yığılar hər gün…
Çəməni xalı tək naxışa dönüb,
Yolları bircə cüt baxışa dönüb,
Bəyaz gəcələri yağışa dönüb,
Bir bulud ömründə sağılar hər gün.
Yaşım qayğıların sayına düşüb,
Başım xəyalımın hayına düşüb,
Qəmli anlarımın payına düşüb,
Kövrək bayatılar, ağılar hər gün.
Hanı yarpaq-yarpaq tökülən illər,
Kükrəyib təzədən gətirə yellər.
Uzaqdan bir uşaq əlini yellər,
Həsəti sinəmə dağılar hər gün.
Zaman o günləri ütüləyibdi,
Ağzını yoxuşa itələyibdi.
Duyğum qayçısını itiləyibdi,
Biçər özü boyda nağıla hər gün…
***
Köçün hayandadır, ay Dərviş VəliYenə o dağlara, yenə çən düşüb,
Seyrələn saçıma seyrək dən düşüb.
Mən sevən dostlar da daha gen düşüb,
Köçün hayanadır, ay Dərviş Vəli?
Gəzdin oba-oba eli, aləmi,
Köksündə göyərdi, bu yurdun qəmi,
Sinən özün boyda bir səyyah gəmi,
Köçün hayanadır, ay Dərviş Vəli?
Getdi gözləriyin, getdi yuxusu,
Getdi ömrünün də getdi çoxusu,
Qaldı barmağında tütün qoxusu,
Köçün hayanadır, ay Dərviş Vəli?
Ömrün uralanmış bostan urası,
Hələ harasıdı, hələ harası,
Hələ qarşıdadı bundan sonrası
Köçün hayanadır, ay Dərviş Vəli?
Daha pərvazlanıb, heç uçmaq olmur,
Dərd də dərd gətirir, heç qaçmaq olmur.
Eləmi dünyadı baş açmaq olmur,
Köçün hayanadır, ay Dərviş Vəli?
***
Bu yol yaman uzaqdı
Aman, Allah, bu yol yaman uzaqdı,
İlham yenə köksüm üstə oynamır.
Bir bulağam qurumuşam nə vaxtdı
Ha gözlərəm qaynamır ki, qaynamır.
Durna köçüm yenə hara baş alıb,
Nə müddətdi bu səmada görünmür.
Xeyli vaxtı sinəm elə boşalıb,
Bəyaz–bəyaz duyğulara bürünmür.
Niyə tutdun, bu yol necə yol idi?
Fikrim məni əsir edib özünə,
Bir vaxt sözlər sinəm üstə qul idi,
Yaman küsüb daha baxmır sözümə.
Hay versəm də harayıma gələn yox,
Bu dərd məni öldürməsə yaxşıdı,
Köküm üstə quruyuram, bilən yox,
İndən sora bildirməsə yaxşıdı.
Bu ürək də ağrımağa vaxt tapıb,
Dindirən tək uşaq kimi kövrəlir.
Əllərimdə saçlarımın sığalı,
Yaş ötdükcə yavaş-yavaş seyrəlir.
Aman, Allah, bu yol yaman uzaqdı,
İlham yenə köksüm üstə oynamır.
Bir bulağam qurumuşam nə vaxtdı
Ha gözlərəm, qaynamır ki, qaynamır.
***
Dağlar, məni oğul eylə özünə
Könlümdə bir qucaq şəhər gəlmişəm,
Sinəmdə bir ətək qəhər gəlmişəm.
Əlimdə zəngi, yəhər gəlmişəm,
Daha, bir daha ağ olmaram üzünə,
Dağlar, dağlar məni oğul eylə özünə.
Bu ünvanın qapısında əsən kim,
İncidən kim, inciyən kim, küsən kim,
Heç soruşma pambıqla baş kəsən kim,
Daha, bir daha ağ olmaram üzünə,
Dağlar, dağlar məni oğul eylə özünə.
Nəfəsimi qoy doyunca dərim bir,
Günlərimi qurudum bir, sərim bir.
Həsrətini çox çəkmişəm yerin bir,
Daha, bir daha ağ olmaram üzünə,
Dağlar, dağlar məni oğul eylə özünə.
Gətirmişəm uduzduğun oyunu,
İcazə ver, çisəyində yuyunum.
Üst-başımdan kədərimi soyunum,
Daha, bir daha ağ olmaram üzünə,
Dağlar, dağlar məni oğul eylə özünə.
***
Ömrümdən bir qatar keçər
Yoluma göz dikib bir dəmir yolu,
Bu gecə ömrümdən keçər bir qatar,
İllərim vaqona sərnişin olub,
Beləcə ömrümdən keçər bir qatar.
Vaqonun birində uşaqlığımdı,
Könlümdə bir azca ağrı-acı var,
“Ana” vağzalında dayanır qatar.
Ana laylasına ehtiyacı var.
Vaqonun birində məhəbbətimdir,
Özü öz yükünü daşıya bilmir.
“Hicran” vağzalında dayanır qatar,
Bir gözəl gözünün yaşını silmir.
Vaqonun birində sevincim, qəmim,
İkisi bir yerə sığışa bilmir,
Buluda qoşulub uçan arzular.
Ömrün qatarına yığışa bilmir.
Ömrümdən beləcə keçir bir qatar,
Keçdikcə sinəmdən izi silinmir,
Sonuncu vaqonda ömrümun yolu.
Hələ ünvanının sonu bilinmir…
Söhbətləşdi: Ədalət.
BİA.az