Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında səsləndirdiyi mesajları barədə maraqlı şərh verib.Xəbər verilir ki, İqbal Ağazadə dövlət başçısının çıxışında bir sıra mühüm mesajların olduğunu bildirib. O, qeyd edib ki, bu mesajların hər birinin üzərində ayrıca dayanmasa da, həm Türkiyə, həm də Azərbaycan sosial şəbəkə seqmentində ciddi müzakirə olunan bəzi fikirlərə münasibət bildirməyi vacib sayır.
İqbal Ağazadə əvvəlcə sentyabrın 29-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana səfərinə diqqət çəkib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, neft naziri Möhsün Paknejad və energetika naziri Abbas Əliabadi ilə görüşlər keçirib.
İqbal Ağazadə hesab edir ki, İran Prezidenti Məsud Pezeşkianla görüş istisna olmaqla, digər görüşlər işgüzar və protokol xarakterli hesab oluna bilər.
Partiya sədri bildirib ki, onun qənaətinə görə, Pezeşkian İran idarəetməsində SEPAH-ın kölgəsində qalan fiqurdur və İran prezidenti özü də 28 fevral 2026-cı ildən sonra bunu bir neçə dəfə dolayı eyhamlarla ifadə edib.
İqbal Ağazadə Şahin Mustafayevin səfər zamanı İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezayi ilə də görüşməsinə xüsusi diqqət çəkib.
O, Rezayi barədə bunları qeyd edib:
“Möhsün Rezayi generaldır, 2021-ci ildə prezidentliyə namizəd olub, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi olub və nəhayət, beynəlxalq axtarışda olan şəxsdir. O, 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində 85 nəfərin ölümü, 154 nəfərin yaralanması ilə nəticələnən terror aktının törədilməsi ilə bağlı ittiham olunur”.
İqbal Ağazadə daha sonra Möhsün Rezayinin müxtəlif illərdə Azərbaycanla bağlı səsləndirdiyi fikirləri xatırladıb.
Onun təqdim etdiyi sitat və mövqelərə görə, Rezayi 2021-ci ildə İranın Qarabağa daxil olmalı, yenidənqurmada rol oynamalı, atəşkəs komitəsinə daxil olmalı və yaradılmış dəhlizlərə nəzarət etməli olduğunu bildirib.
2023-cü ildə isə Rezayi İran İnqilab Keşikçiləri Korpusunun üzvləri qarşısında çıxışında Azərbaycan-İsrail hərbi əlaqələrindən danışaraq iddia edib ki, Azərbaycanın İsraillə müttəfiqliyi İranın şimalında iğtişaş yaratmaq, İran ordusunun diqqətini şimala yönəltmək və bununla İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini asanlaşdırmaq məqsədi daşıyır.
İqbal Ağazadənin sözlərinə görə, Rezayi 2024-cü ildə İranla Azərbaycan arasındakı bağların kimlik, coğrafiya və tarixə əsaslandığını, “Bakının Tehrandan ayrı olmadığını” söyləyib. Bundan sonra Azərbaycan rəhbərliyinə “qardaşcasına tövsiyə” verdiyini bildirərək Bakını ABŞ və İsrailin təhlükəsizlik planının “qurbanı” olmamağa çağırıb.
2025-ci ildə isə Rezayi İranın Rusiya və Avropaya gedən ticarət və tranzit yolunun Zəngəzur keçidi vasitəsilə bağlanmasına yönələn hər hansı cəhdin uğursuzluğa məhkum olduğunu deyib və bunu “planlaşdıranlar üçün kabusa çevriləcək yuxu” adlandırıb.
İqbal Ağazadə Rezayinin 23 sentyabr 2026-cı ildə səsləndirdiyi daha bir bəyanatı da xatırladıb:
“Əgər bir ölkə ABŞ ilə əməkdaşlıq edərsə və ya ABŞ-ın macərasına qoşularsa, onun hava limanları artıq İrana uçuşları həyata keçirə bilməyəcək”.Partiya sədri Rezayinin Qarabağ müharibəsi ilə bağlı səsləndirdiyi başqa bir fikri də diqqətə çatdırıb:
“Şəxsən göstəriş vermişdim ki, Qarabağ bölgəsində vəziyyət müəyyənləşdirilsin və Azərbaycan ordusu uyğun hərbi texnika ilə təchiz edilsin və lazımi təlimlər keçirilsin”.İqbal Ağazadənin fikrincə, Möhsün Rezayi ilə görüşdə onun Azərbaycan nümayəndə heyətinə münasibəti də diqqətdən yayınmayıb.
“Görüşdə hər kəs onun alçaldıcı münasibətini gördü”, - deyən İqbal Ağazadə hesab edir ki, Rezayinin Azərbaycan tərəfinə çatdırmaq istədiyi mesajlar təxminən bunlardan ibarət olub:
“Biz, sizə hələ 90-cı illərdə yardım etmişik, qaçqınlara humanitar dəstək olmuşuq;
Azərbaycan İsrail və Türkiyənin dəstəyi ilə müharibədə qələbə qazanıb və bu, iki dövləti regionda gücə çevirir;
Azərbaycan ABŞ ilə olduqca yaxınlıq edir, İran bundan narahatdır;
Azərbaycanda dindarlar sıxışdırılır, məktəblərdə hicab qadağası var, bunlara son qoyulmalıdır;
İran regionda super gücdür, Azərbaycan ona sığınmalı və onunla bir yerdə olmalıdır”.İqbal Ağazadə qeyd edib ki, bu fikirlər onun şəxsi ehtimallarından ibarət deyil, Möhsün Rezayi müxtəlif tarixlərdə mətbuata açıqlamalarında həmin mövqeləri səsləndirib və onların sitatlarını təqdim edib.
Partiya sədri Rezayinin müxtəlif dövrlərdəki müsahibələrində İran dövlətinin Azərbaycandakı qaçqın və məcburi köçkünlərə daim yardım etdiyinin, o cümlədən 1993-cü ildə Azərbaycana 30 milyon dollar dəyərində silah verdiyinin vurğulandığını bildirib.
İqbal Ağazadə bununla bağlı ayrıca qeyd edib:
“Xatırlatmaq istərdim ki, İran Azərbaycana 1993-cü ildə 30 milyon dollar dəyərində silah satıb. Həm də dünya bazar qiymətlərindən baha. Yəni, bunu yardım kimi pulsuz verməyib”.
Onun sözlərinə görə, 1993-cü ildə Azərbaycan ərazilərinin işğalı zamanı rəsmi Bakı İrana hətta hərbi kömək üçün müraciət edib.
İqbal Ağazadə bildirib ki, İran tərəfi siyasi və humanitar yardım barədə qərar qəbul etsə də, SEPAH komandanı Möhsün Rezayinin israrlı müqaviməti nəticəsində hərbi yardım haqqında qərar qəbul edilməyib, yalnız silah satışı və təlimlə bağlı razılıq verilib.
O, bu məlumatın mənbəyi kimi İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin 1993-cü ilin noyabr ayına aid gündəliyini göstərib.
İqbal Ağazadə hesab edir ki, Prezident İlham Əliyevin oktyabrın 2-də YAP-ın VIII Qurultayındakı çıxışında səsləndirdiyi bir sıra fikirlər məhz Möhsün Rezayinin timsalında İrana, qismən isə Rusiyaya ünvanlanan mesajlar olub.
Partiya sədri bu fikirlərin Türkiyə ilə əlaqələndirilməsinə qarşı çıxıb.
“Kimsə bunu Türkiyə ilə əlaqələndirməsin. Azərbaycan Prezidenti İkinci Qarabağ savaşında Türkiyənin rolu və yeri barədə kifayət qədər ciddi mesajlar və müsahibələr verib”, - deyə Ağazadə bildirib.
Daha sonra o, Prezident İlham Əliyevin çıxışındakı mesajları ayrıca şərh edib.
İqbal Ağazadə Prezidentin
“Bütün silahları öz pulumuza almışıq və kimsə bizə pulsuz silah verməyib” fikrini Möhsün Rezayinin
“1993-cü ildə Azərbaycana silah verilməsini şəxsən tapşırmışdım” məzmunlu açıqlamasına cavab hesab edir.
Prezident İlham Əliyevin
“Dünyanın iki super gücü var – ABŞ və Çin, onlarla strateji müqavilə imzalamışıq” fikrini isə İqbal Ağazadə Rezayinin 23 sentyabrda səsləndirdiyi
“Əgər bir ölkə ABŞ ilə əməkdaşlıq edərsə və ya ABŞ-nin macərasına qoşularsa, onun hava limanları artıq İrana uçuşları həyata keçirə bilməyəcək” bəyanatına cavab kimi qiymətləndirib.
Ağazadə burada Azərbaycanın sentyabrın 22-də İrana uçuşları dayandırmasından sonra Möhsün Rezayinin həmin bəyanatı verdiyini də xatırladıb.
Prezidentin
“Bizə himayədar lazım deyil”, mesajını da İqbal Ağazadə Rezayinin İranın regionda super güc olması, regional məsələlərin Tehran olmadan həll edilə bilməməsi və dəhlizə nəzarətin İranda olmalı olduğu barədə mövqelərinə cavab hesab edir.
Dövlət başçısının
“Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb” fikrini Ağazadə yenə Möhsün Rezayinin İranın Azərbaycana hərbi və humanitar yardım göstərməsi barədə açıqlamasına cavab kimi təqdim edib.
İqbal Ağazadə Prezidentin
“Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır?” fikrini şərh edərkən bildirib ki, burada İranın “Səhər” kanalı, Rusiyada etnik-milli zəmində hazırlanan verilişlər, eləcə də Avropada fəaliyyət göstərən mühacir televiziyaları nəzərdə tutula bilər.
Prezidentin
“2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsal yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə güzəşt etməyiblər” fikrini isə Ağazadə Möhsün Rezayinin İsrail və Türkiyənin müharibədə Azərbaycana silah verməklə İranın şimalında iğtişaş törətmək, başqa sözlə, Güney Azərbaycanda vəziyyəti qarışdırmaq və İranın diqqətini şimala yönəldərək İsrailin nüvə obyektlərinə zərbə endirməsinə şərait yaratmaq barədə iddialarına cavab hesab edir.
İqbal Ağazadə Prezidentin
“Heç vaxt ikibaşlı oyun oynamamış, heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik” fikrinin isə İranın Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” siyasətinə, eyni zamanda Azərbaycanı guya İslam ölkəsi kimi müdafiə etdiyini bildirməsinə baxmayaraq, müharibə dövründə Qarabağ separatçılarına yanacaq və ərzaq yardımı göstərməsi ilə bağlı siyasətinə cavab olduğunu düşünür.
Prezident İlham Əliyevin
“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin” fikrini də İqbal Ağazadə Möhsün Rezayinin
“biz bir millət, iki dövlətik, İranın gözü şimaldadır” məzmunlu mesajlarına cavab kimi qiymətləndirib.
“Bəs edirmi, dostlar?” - deyə İqbal Ağazadə bildirib.
Partiya sədri hesab edir ki, sentyabrın 29-da Baş nazirin müavini Şahin Mustafayevin Möhsün Rezayi ilə görüşündə İran tərəfinin verdiyi mesajlara Azərbaycan Prezidenti ləngimədən cavab verib.
“Prezidentin heç bir mesajı Türkiyəyə aid deyildi. Rəsmi nümayəndə heyəti ilə görüşdə diplomatik və etiket qaydalarını pozan, mətbuatda səslənməyən və bu gün İranın idarəetməsində əsas fiqurlardan biri olan Möhsün Rezayiyə cavab idi”, - deyə İqbal Ağazadə vurğulayıb.
O bildirib ki, buna baxmayaraq, Türkiyədə həm Azərbaycanı, həm də Türkiyəni sevməyən bəzi dairələr, eləcə də Azərbaycanda siyasətə və diplomatik mesajlara səthi yanaşan şəxslər dərhal Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alıblar.
İqbal Ağazadə sonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paylaşımına da diqqət çəkib:
“Bu gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğan paylaşım etdi: ‘BİRLİYİMİZ ƏBƏDİ OLSUN!’”(Bakupost.az)