Hikmət MƏLİKZADƏ,
Prezident mükafatçısı
Atom nüvədən və (ətrafında hərəkət edən) elektronlardan ibarət olduğu kimi, insan da ruhdan və bədəndən ibarətdir. Necə ki, elektron mənfi , proton isə müsbət elektrik yükünə malikdir, eləcə də, insan batildə mənfi (günahkar), batində müsbət (imanlı) fərddir. Maraqlıdır ki, bütün elementlərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranıb, buna oxşar, bütün insanlar da bir əcdadın (Adəmin) törəməsidir. Bu, ona işarədir ki, Yer, Göy, nəticədə, bütün Kainat tək Allahın əl işidir...
...Bilirik ki, kəhrəba (da) 100 ilə yaranır. Allah xüsusi istedad (və fəhm) verdiyi insanları (eynən kəhrəba kimi) 100, (bəlkə də) 200 ildən bir xəlq edir. Onlar atom kimi bölünən olurlar (yəni Allahın verdiyindən başqaları üçün də xərcləyirlər), lakin təlatümə gələndə öz boylarından 100 dəfə böyük görünürlər (belə deyək, özlərindən minlərlə kilometr uzaqları “yandırıb-yaxırlar”).
Açığı, Gəncə ətrafında qərar tutan, ancaq söz səltənəti ilə Bakıda, bütöv Azərbaycanda görünən
İnqilab İsaq da Allahın 100-200 ildən bir cəmiyyətə əta etdiyi şəxsiyyətlərdəndir. Vaxt-vədə onu artıq 70 yaşın mərtəbəsinə qaldırıb. İndi o, fikirli-fikirli 70 mərtəbəli göydələnin buludların içində pərvaz edən qamətini poetik baxışları ilə vəsf edir, oradan 70 il əvvələ boylanır. Ani olaraq uşaqlaşır, kövrəlir, qəfil hıçqırır, lal çığırtı ilə hönkürür, sonra barmaqlarını gözlərinin uclarındakı yaş damcılarına toxundurub, köks ötürür:
“Yollar yoluma ümid, Yollar qəbrimə açıq...” Bu fəlsəfi hənirtini hələlik bir özü duyur, bir də o məqamda onunla qol-boyun olan poetik ruhu. Biz, sadəcə, bu ədəbi yozumun, bu qarışıq ricətin ictimai mənasını anlamağa çalışırıq...
İnqilab İsaq həm köhnə kişidir, həm təzə. 1000 il əvvəl doğulub, miladi tarixindən üzü bu yana 70 yaşı var... Bəlli ki, bəxt, şans çoxları kimi bu köhnə-təzə kişidən də yan ötüb. Onun:
Bu bəxt də qaragünlü,
Günahları ağ olmuş.
Ölə-ölə yerimə,
A dərdləri sağolmuş...- deməsi, elə bu məlum vəziyyəti ehtiva edir. O, bu halda öz içində yaranan söz kəhrəbalarının nə vaxtsa daşlaşacağına ümid edə-edə min il əvvələ aid ruhunu tale qarşısında şux tutur, özünü Adəmdən qoparıb, Lutda tapır, sonra Nuhla gəmidə gedir, oradan Musaya qoşulub sular arasından keçir, …nəhayət, həzrəti Yusifdən son Peyğəmbərə salam gətirir. Ancaq yükü dərd-sər olduğu üçün, çox vaxt biganəlik odunda bişir:
Görmürsən, göz-gözəyik,
Tanışammı, yadammı?
Nədən, adam güzgülər
Göstərməyir adamı?...
Məndən xəbər-ətər yox,
Köhnə, təzə yaşımda...
Təəssüf,
“adam güzgülər” cəmiyyətə onu (bu köhnə-təzə kişini) deyil, batil, mənasız adamları göstərir. O güzgüdə İnqilab İsaqdan xəbər-ətər yoxdur. O, yəqin edə bilmir ki, köhnə yaşındadır, yoxsa, təzə. Allahın səsi gələndə, qorxudan titrəyən Nuh peyğəmbər kimi, başını aşağı salıb, qədərinə boyun əyir, əmrə müntəzir olur. Bizim qənaətimizcə, Lövhi-Məhfuzda “adam güzgülər”in göstərdikləri yox, məhz İnqilab İsaq bərqərardır.
İnqilab İsaq 53-ün cəmiyyətə ətasıdır. Yəni 1953-cü ildə dünyaya bir atom, bir kəhrəba düşdü. Batini məna daşıdığı üçün, yerə xətər toxundurmadı, lakin böyük bir əhatədə cəm oldu. Bu geniş ərazini, hələlik, bir tək Allah görür; əminik ki, illər sonra hamımız görəcəyik...
…İnqilab İsaqın çox dəqiq və anlamlı poetik müşahidələri var. O, sanki əvvəlcə fikri cizgi halına gətirir, sonra kağızda ətə-qana doldurur. Məsələn:
Çiçəyi çırtlayan çiçək ədası,
Küləyə qoşulub qaçar bir azdan...
Puçurlar çırpınan ətcə quşdumu?
Keçirər ehmalca köçünü yazdan...
***
Baxışların, yolların
Ayrılığı birdimi?
Açılmayan qapılar,
Açılmayan sirdimi?
***
Biz ki, sevda məhbusuyuq
Cəza çəkir fikrimiz də.
Daha elə yoldayıq ki,
Yad adamıq ikimiz də...Bu misralarda modern tərz zəka işığındakı fəhmlər qədər parıltılıdır. Belə anlamaq olar ki, şair sözü atoma, ya da kəhrəbaya çevirmək niyyətindədir; 100 ildən sonra onun hansı rəngdə çalar tutacağını indidən bilmək istəyir. Doğrudan da, yuxarıdakı poetik sıranın hansının sarı siminə toxunsaq, orada tilsimli an, titrək səmt və vəcdanə halla qarşılaşarıq... Bax, bu zəmin İnqilab İsaqın atom qədər yaxıcı, kəhrəba qədər işıqlı olmasını təsdiq edir.
…Bu yol, cığır eşq havası,
Zirvə qalxmaq nəmənədi.
Öz ahınla çıxdığın yer
Nə sənədi, nə mənədi.
***
Bu zərif sevdaya gücün çatarmı?
Oyaqdı içimdə qorxular, oyaq...
Di gəl ki, baxışın üfüq boyunca,
Çərpələng uçuran uşaqdı, uşaq.Biz, dəfələrlə demişik, hər dövr öz yetişdirdiyi fərdi şəxsiyyət fövqünə qaldırır, lakin bəşərin onu tanıması üçün (sadəcə) zamana ehtiyac duyulur. Bəlli ki,
“Oyaqdı içimdə qorxular, oyaq...” deyən İnqilab İsaqı 70 yaşına gətirən ağayanalıq, əsl insan surəti onu yüksək elitada tanınanlardan edəcək. O, hələlik qəmini-qüssəsini ömür adlı qatara yükləyib, böyrümüzdən ötüb keçir... Əlbəttə, o “qatarı” çoxumuz görürük, lakin onun hansı çəkidə olduğunu (çoxumuz) bilmirik. Buna görə Qoqol, Mayakovski, Lermontov... gözümüzdə yekə görünür, İnqilab İsaq (isə) sadə bir el adamı kimi təsir bağışlayır...
53-ün İnqilabı, 70-in İsaqı (bütövlükdə) İnqilab İsaq bizim uşaq yaşımızın, yeniyetmə və gənc, sonra da orta yaş dövrümüzün sevilən Obrazıdır. Onun insan münasibəti, yaradıcı ruhu mümkün qədər təfsilata cəlb edilməyib; bəlkə də buna görə, o, əlçatmaz görünən ucalıqları, başqaları toxtaqlıq tapsın deyə, fəth etmək fikrindən daşınıb. Bir növ, istedadlı şairin əksər şeirində də bu ideoloji çək-çevir aşkar bəlli olur...
70-in İsaqı peyğəmbər surətlidir; ilham mələkləri ona “vəhy” gətirəndə, o, ağ hala düşür, fövqəltəbii aləmlə əlaqə qurur. Kağız üzərində hördüyü şeirləri irrasional idrakdan gələn zahiri proses kimi mənalandırır, çox fərqli, bir neçə səmtli zərurətlər ehtiva edir...
70 yaşlı İnqilab İsaqın hər şeiri, əslində, gələcək üçün bir maddi sübutdur; o şeirlərdə təzahür edən zəruri fitrət bütün ədəbi istiqamətlər üçün ötürücü faktordur...
Açığı, İnqilab İsaq (özü də) əlçatmaz olmaq istəmir. (Sözsüz) ötən 70 ildə (sadəcə) çalışıb ki, az da olsa, yaxından-uzaqdan görünə bilsin. Həyatın hansı gərdişdə pərvəriş etdiyini görənlər onun ağ səltənətlərdə necə təlatüm yaratdığının fərqindədirlər. Burada bir məsələyə eyham vuraq: Ağır bir təsirdən bir qrup insan yerin altına düşür, lakin bəxt onlara qaranlıqda irəli getmək üçün fürsət verir. Yolun yarısında görürlər ki, ayaqlarının altında kəskin parıltılar var. Beş-altı nəfər (maraq üçün) əyilib o parıltıdan götürür, qalanlar bədbin olduqları üçün, buradan sağ çıxmayacaqlar deyə, götürmür. Birdən, qarşılarında qəfil işıqlı aləm açılır, insnalar (o) parıltıların daşqaş, qızıl-zinət olduğunu görürlər. Bu zaman az götürən də təəssüflənir, heç götürməyən də. Bu mənada, nə vaxtsa İnqilab İsaqı tanıyanlar da təəssüf hissi keçirəcək, tanımayanlar da. Tanıyan o mənada təəssüflənəcək ki, nə üçün o surətdə kişini təqdir etmədim. Tanımayanlar isə özlərini ona görə qınayacaqlar ki, onun kimi bir Ali Xilqəti idrak edə bilməyiblər...
53-ün İnqilabı, 70-in İsaqı xoşbəxtdir ki, Allaha asi deyil, müxalif də deyil. O, mənəvi aşınmalar üçün ideoloji səbəb olan insanı mühakimə etmək fikrinə də düşmür, sadəcə, onu həm bioloji fakt, həm də fəlsəfi-ədəbi zərurət kimi tədqiq edir. (O, bəlkə də hər şeirindən (yaxud, hər kitabından) sonra özünü kəskin tənqid edən, daha doğrusu, məğlub duruma düşürən yeganə şairdir... O anlamda ki, dediyi filan sözü daha yaxşı ifadə edə bilərdi, filan mənanı daha təsirli ovqata doldurardı və s. kimi qınaqlarla özünü hədsiz yorur. Şübhəsiz, ilham mələyinin qarşısında onun bu tərzdə “özünü alçaltması” onu ucaldır...).
Biz də, məhz min illər əvvəlin fövqündən qopmuş (yeni tarixlə) 70 ilin İnqilab İsaqını bir ədəbi zərurət (və sadəcə, bir Obraz) kimi tədqiq etməyə çalışdıq. O, (zatən) bizə bəllidir, istədik, bugünkü “adam güzgülər” də onun qənşərində bel büksün, ətəyində namaz qılsınlar. Əks halda, heç narahat da deyilik, çünki zaman bir gün bu missiyanı yerinə yetirəcək... Şairin özünün dediyi kimi:
...Öz ahınla çıxdığın yer
Nə sənədi, nə mənədi...
...Zirvə qalxmaq nəmənədi…