İran oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır.Xəbər verilir ki, bu sözləri İranın yeni Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında deyib.
“Biz dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”, - deyə, siyasətçi əlavə edib.
Pezeşkian Putinlə söhbəti zamanı iki dövlət arasında BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq və regional təşkilatlar platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, İranın yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olan Prezident İbrahim Rəisinin dövründə əldə olunmuş İran-Rusiya razılaşmalarını həyata keçirmək üçün bütün səylərini göstərəcək.
Qeyd edək ki, Pezeşkianla Putin arasında telefon danışığı ötən gün baş tutub.
Becan.az