Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Yeni dəyişiklik pensiyaçılara necə təsir edəcək və kimlərin pensiyası artırılacaq? Kabinetin son qərarı “Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir.Xəbər verilir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı, qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir:
“Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə (qulluq stajına görə) əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalarla qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərlə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlər daxilində pensiyaya çıxan hərbiçilərimizin pensiyalarında artım olacaq.
Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbiçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbiçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbiçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğlə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir.
Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır.
Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".Becan.az