Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak məqsədilə Azərbaycana səfəri hər iki ölkə üçün olduqca məhsuldar olub.Belə ki, bu səfər çərçivəsində iki ölkə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlik hərtərəfli sazişlər toplusunu imzalayıblar.
Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə də razılığa gəliblər.
Bununla əlaqədar olaraq, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlara start verib.
Belə görünür ki, 6 illik fasilədən sonra nəhayət quru sərhədləri açılır.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, sözügedən addım quru sərhədlərin açılmasında ilk addım olacaq:
“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası quru sərhədlərin açılmasının ilkin mərhələsi olacaq. Verilən bu qərar olduqca yaxşı qərardır. Çünki Azərbaycanın beynəlxalq nüfuzu, coğrafi mövqeyi onu deməyə əsas verir ki, artıq quru sərhədlərin açılmasının zamanı gəlib”.Ekspertin sözlərinə görə, Gürcüstanla münasibətdə atılan bu addım həmin istiqamətdə turizmin, iqtisadi münasibətlərin inkişafına, sərhədyanı ticarətin yenidən canlanmasına müsbət təsir göstərəcək:
“Prosesə start verilməsi Azərbaycanda iqtisadi artıma da ciddi təsir edəcək. Güman ki, ilkin addım olaraq dəmir yolları, ardınca da quru sərhədlərin tamamilə açılması məsələsi gündəmə gələcək. Bu soydaşlarımızın çoxdan gözlədiyi bir qərar olacaq”.