“Ə, bu Talıbov da Abutalıbov kimi olacaq, yəni?”

11:09 6.01.2023 2 547
“Ə, bu Talıbov da Abutalıbov kimi olacaq, yəni?”







Samir SARI







Başlığa verdiyim bu ifadəni dünən market kassasının dar dəhlizində astadan danışan iki kişidən biri dilə gətirdi və “Ə, bu Talıbov-Abutalıbov” təkriri yaddaşıma həkk olundu.

İkisi də siyasətlə gendən-genə maraqlanan adamlara oxşayırdılar, dərindən araşdırsaq, dünyada baş verən hər şeyin “Amerikanın və masonların oyunu” olduğunu dəqiq bilən tiplər idi, amma biri Talıbovun aqibətinə dair suallı proqnoz verməyi lazım bildi.

Talıbov deyərkən, söhbət, əlbəttə ki, gündəmdə olan Talıbovdan gedir. Zatən, bu saat ölkədə başqa Talıbov yoxdur. Hər gün Talıbov, hər yer Talıbovdur. Abutalıbovu da tanıyırsınız. Hacıbala müəllim doğma Bakımızın sinəsinə, daha dəqiqi, tarixinə dağ boyda iz salıb gedib. O, uzun müddət unudulmayacaq.

Amma bəlkə də çox adam bilmir ki, Abutalıbovun siyasi aqibəti heç də pis olmayıb. Müəllim yaşıl rayonların birində tikdirdiyi axarlı-baxarlı, uca hasarlı, hovuzlu, saunalı villada dincəlir, bəziləri kimi Bakıətrafı qəsəbələrdəki bağ evlərində təşkil olunan toplantılara qatılaraq siyasətə-filana qarışmır. Ağıllı adamdır. Kağızı da var. Əgər o, işdən çıxarılandan sonra özünü yaxşı aparmasaydı, bəlkə də məsuliyyətə cəlb edilərdi və villaları, mülkləri, kottecləri, nə bilim, penthausları, şatoları, qəsrləri müsadirə olunardı. Düzdür, onları nə vaxtsa onun özünə qaytarardılar, amma vaxt aparardı. Odur, Əli İnsanov 4 ton qızılını geri almaq üçün 17 il gözlədi, Çovdarov isə öz halal milyonlarına qovuşmaq üçün 7 ilini verdi.

Yəni əgər bu Talıbovun axırı Abutalıbovun axırı kimi olsa, "xan" həzrətləri getsin yeddi qara qoç alıb, “Əshabi-kəhf”də qurban kəsib camaata paylasın. (Düzü, müəllif bilmir ki, adı çəkilən ziyarətgahda qurbankəsmə ayininin icrası üçün lazımi şərait varmı, ümumiyyətlə, orada belə bir xidmət göstərilirmi). Çünki hələlik Talıbovun əskisi tüstülüdür. Onun siyasi dövranı başa çatmış kimi görünür, bu işdən qurtulub, iqtisadi sferaya transfer oluna bilməsə, çətin olacaq. Reablitasiya üçün ona da 5-6 il vaxt lazımdır.

Belə güman var ki, Talıbovun yaxın gələcəyi Mahmudovunku kimi olacaq – mediadan uzaq, nəzarətçilərə yaxın – asudə guşənişin. (Orası da var ki, deyirlər, Mahmudov gecələr öz cipinə minib, şəhərdə gəzir. Gözüylə görənlər olub, qiymətinin 5-10 qəpik ucuzlaşacağı gözlənilən çörəyin bərəkətinə and içənlər var).

Hər halda o boyda “xan”ı İmişlinin sabiq başçısı Vilyam Hacıyev və ya Şəmkirin keçmiş rəhbəri Alimpaşa müəllim kimi eləməzlər. Əslində, Alimpaşa bəy də Hacıbala Abutalıbovu xatırladırdı, onun kimi şeir-zad deməyi də vardı, amma bilmədik, ona qarşı niyə belə etdilər. Niyə belə olmalıydı?

Allah tərəfi, işdən çıxarılma haqq-hesabında Talıbov çox müqavimət göstərmədi, “Axırıncı aşırım” filmindən tanıdığımız komissar Talıbov kimi qayaların daldasına çəkilib atışmadı, nə vaxt dedilər, necə dedilər, eləcə də “möhür-ştampeli” təhvil verdi, dedi, cavan olmuşam, bilməmişəm.

Bir siyasət adamı var, Talıbovla köhnə düşməndir, deyir: “Elə bilirdim, cənab bir az dirəşəcək, “mən, balaca adam deyiləm, bu boyda muxtar respublikanın seçkili orqanının rəhbəriyəm,” - deyəcək, amma bir göz ağartmasıyla postunu verdi, onu belə dızqax bilməzdim”.

Bə nə edəydi? Hökumətlə hökumətlik edə bilməzdi axı. Elə bir şey eləsə, qaramaskalılar onu da İnsanov kimi edərdilər, kabinetindən götürüb aparardılar, aqibəti də eyni cür olardı, 10+ il iş verərdilər, qızıl külçələrini də televizorda göstərərdilər.

Belə baxanda, müəllim çox şey itirməyib. Mülklərinin, biznes strukturlarının satışa qoyulduğu deyilsə də, onlar boş şeydir, əsas məsələ cansağlığı və qulaq dincliyidir. Düzdür, indilikdə düz-əməlli qulaq dincliyi də yoxdur, adamın adı çox hallanır, amma buna da şükür. Qulağa şaqqıltıyla bağlanıb-açılan dəmir qapı səsi gəlsə, yaxşı olacaqdı?

Ancaq supermarketdəki qardaşların ritorikasından belə başa düşdüm ki, onlar Talıbovun aqibətinin nəinki başqa cür, heç Abutalıbovunku kimi olmasını da istəmirlər, istəyirlər, nəsə maraqlı bir şey olsun. Məsələn, ümid edirlər ki, Talıbov, köhnə kişilər demişkən, qara cağın dalında (müttəhimlər kürsüsündə), şüşə qəfəsdə oturar, keçmiş nazirləri də gəlib üzünə durarlar, maraqlı-maraqlı açıqlamalar verərlər, bunlar da oxuyub heyrətlənə, “gör e, nələr edirmişlər, pah!!!” - deyərlər, 3-4 ay da hamının başı buna qarışar.

Bunlar hamısı gözləntilərdir. Yəqin ki, Talıbovun işi indiyədək presedenti olan işlərdən biri kimi yekunlaşacaq. Lap axırda isə hər şey yeni trend üzrə gedəcək. Baxmayın, səhvlər eləmiş olsa da, yad biri deyil, azərbaycanlıdır.

P.S. Yeni gələn xəbərlərdə deyilir ki, müəllim daşınmaz əmlaklarının sənədlərini guya itirib. Havayı müqavimətdir, kötüyündən tapacaqlar.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}