Siyasətçi, sahibkar, xeyriyyəçi və milyarder, bankının adı kütləvi pulyuma sxemində hallanan Ruben Vardanyan 54 illik həyatında çox peşə dəyişib. Onun ən son, eyni zamanda, ən qısamüddətli işi Azərbaycanın Qarabağ regionundakı separatçı rejimin “baş naziri” vəzifəsi olub.
2021-ci ilin iyununda Ermənistan vətəndaşlığını qəbul edən Vardanyan, bir il sonra Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçmək planını elan edib. 2022-ci ilin noyabrında isə separatçı bölgənin
“dövlət naziri” olub.
Ancaq bu vəzifəyə gəlməsinin üstündən üç ay keçməmiş, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasına başlamasından iki ay sonra Vardanyan erməni separatçılarının lideri Arayik Arutyunyan tərəfindən vəzifəsindən çıxarılıb. Səbəb kimi isə Azərbaycan tərəfinin onu Kremlə çox yaxın hesab etməsi göstərilib.
Ancaq Vardanyan özünü sındırmır.
“Dövlət naziri vəzifəsi mənim üçün məqsəd deyildi, məqsədlərimə daha effektiv nail olmağın üsulu idi”, – deyə, Vardanyan vəzifəsindən çıxarıldıqdan sonra
"Azadlıq Radiosu"na yazdığı elektron cavabında bildirib.
Dövlət naziri separatçı bölgədə prezidentdən sonra ikinci ən böyük vəzifədir. Baş nazir vəzifəsi rəsmən 2017-ci il referendumunda ləğv edilsə də, xalq hələ də bu vəzifəni
“baş nazir” adlandırır.
“Məqsədim dəyişməz qalır: təhlükəsiz, azad, ləyaqətli erməni Artsaxı”, – o, bildirib. Ermənilər Qarabağa
“Artsax” deyirlər.
Vardanyan sərvətini necə qazanıb...
Bir zamanlar Rusiya səhm birjasının
“qurucu ataları"ndan biri adlandırılan Vardanyan, varidatını SSRİ-nin dağılmasından sonra yaranan xaotik, riskli bank dünyasında qazanıb. 1991-ci ildə investisiya bankçılığı və aktivlərin idarə edilməsi ilə məşğul olan, mərkəzi Moskvada yerləşən “
Troyka Dialoq” adlı şirkətin həmtəsisçisi olur. Rusiyanın ən böyük sığorta şirkətlərindən olan
“Rosqosstrax”ın baş icraçı direktoru işlədikdən sonra, 2013-cü ildə
“VB Partners” investisiya şirkətinin həmtəsisçisi olur. Şirkətin idarə etdiyi aktivlərin ümumi dəyəri 1,5 milyard dollar təşkil edir. Onların arasında Ermənistanın
“Ameriabank” bankının səhmləri də var.
Postsovet dünyasının əksər maqnatları kimi Vardanyanın da varidatı xeyli diqqət cəlb edib. 2019-cu ildə araşdırmaçı jurnalistlərin qlobal şəbəkəsi
OCCRP “Troyka Landromatı” adlı araşdımasında
“Troyka Dialoq”un 9 milyard dollara yaxın qlobal pulyuma sxeminin mərkəzində olduğunu iddia edib. Bu sxem Rusiyanın bəzi ən imkanlı şəxslərə gizli pul köçürmələri etmək, vergilərdən yayınmaq və xaricdəki aktivlərini gizlətməyə kömək edib.
Vardanyan bu iddiaları rədd edərək, onları
“xalis uydurma” adlandırıb.
Onun Rusiya elitası ilə yaxınlığı Vaşinqtonun da diqqətindən yayınmayıb. Rusiyanın Ukraynaya tammiqyaslı hücuma başlamasının ardınca Vardanyanın adı ABŞ Nümayəndələr Palatasında təqdim edilən
“Putin Hesabatlılıq Aktı” (Putin Accountability Act) adlı qanun layihəsinə salınıb. Bu sənəd Rusiya prezidentinə yaxın adamlara fərdi sanksiyalar tətbiq edilməsinə çağırır. Bu, Vardanyanın Rusiya vətəndaşlığından imtina etmək qərarının onun sanksiyalardan yayınmaq istəyi ilə bağlı olduğu haqda mülahizələrə yol açıb.
AiləsiYerevanda doğulan Vardanyanın memar atası əslən Türkiyədən, pianoçu anası isə əslən Tbilisi və Qarabağdandır.
Onun övladları isə Moskvada doğulub, ataları ilə birlikdə Qarabağı müntəzəm ziyarət ediblər.
“Oğlum [özü] könüllü Artsax ordusunda xidmət etməyə qərar verib”, – Vardanyan deyir.
Britaniya kral ailəsi və Hollivud ulduzları ilə də təmasda olmuş Vardanyan, bir dəfə həyat yoldaşı ilə birlikdə varidatlarının 80%-ni bağışlamağı planlaşdırdığını da açıqlayıb. Onun xeyriyyə işlərinin çoxu Ermənistan və Qarabağla bağlıdır. Bura XIX əsrə aid Tatev Monastırının bərpası və
“UWC Dilijan College” adlı prestijli yatılı məktəb də daxildir.
“Düşünürəm ki, daha çox varı olan daha çox verməlidir. Həyatında çox iş görmüsənsə və öz xalqın və millətinlə birlikdə olmaq istəyirsənsə, verməlisən”, – o, söyləyir.
Fevralın 23-də özünü Qarabağın
“prezidenti” adlandıran Arutyunyan, Vardanyanın vəzifəsindən çıxarıldığını elan edib. İsrarla bu addımın Bakı, yaxud Yerevanın təzyiqi ilə atılmadığını deyən Arutyunyan, bu qərarı özü ilə Vardanyan arasında bir çox
“amillər”, o cümlədən,
“geosiyasi oyunçuların maraqları” ilə bağlı
“taktiki fərqlər”lə izah edib.
“Bu qərarı, taktik olaraq, yanlış hesab edirəm”
“Getməyim prezidentin qərarı idi. Mənə gəlincə, bu qərarı, taktik olaraq, yanlış hesab edirəm. Çünki bu vəziyyətdə o, çətinliklərlə üzləşməyə kömək etmir. Əksinə, bizi zəiflədir”, – Vardanyan öz emailində yazıb.
Vardanyan yanvarda Fransanın
“France 24” kanalına və BBC-nin məşhur müsahibə proqramı
“HARDTalk”a müsahibə verib.
Vardanyanın vəzifədən çıxarılmasından dərhal sonra, Ermənistan mətbuatında bunun Azərbaycanın sülh danışıqlarında ortaya qoyduğu şərtlərlə bağlı olması haqda xəbərlər dərc edilib. Fevralda Münxen Təhlükəsizlik Konfransındakı panel müzakirədə Azərbaycan Prezidenti İlham Əliyev Vardanyanı
“danışıqlara maneə” adlandırıb. O, Bakının
“Qarabağda aparıcı vəzifə tutmaq üçün Rusiyadan ixrac olunmuş adamla” danışıqlar aparmaq niyyətində olmadığını bildirib. Azərbaycan rəsmiləri davamlı və açıq şəkildə Vardanyanı Rusiyaya işləməkdə ittiham edərək, onun təyinatına qarşı çıxıblar.
Fevralın 24-də, Vardanyan vəzifədən çıxarılandan bir gün sonra, Azərbaycanla Qarabağ separatçıları arasında Laçın dəhlizindəki vəziyyətlə bağlı ilk müzakirə keçirilib. Martın 1-də tərəflər yenidən görüşüblər. Bu, bir həftə ərzində ikinci görüş deməkdir.
Erməni tərəf Qarabağın blokadaya salındığını desə də, rəsmi Bakı bunu təkzib edir, yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
Yerevandan səslənən narazılıq
Maraqlıdır ki, Vardanyanla bağlı narazılıq təkcə Bakıdan deyil, Yerevandan da gəlirdi. Burada bəzi siyasətçilər onu Ermənistanın Bidzina İvanişvilisi kimi görürdülər. 2012-ci ildən bəri Gürcüstan siyasətində dominant yer tutan oliqarx İvanişvili Rusiyaya bağlı siyasətçi kimi tanınır.
Fevralın 21-də hökumətyönlü millət vəkili Gagik Melkonyan Vardanyanın Moskvanın göstərişləri ilə işlədiyini və bu göstərişlərdən birinin
“Ermənistanla Azərbaycan arasına paz çalmaq” olduğunu deyib. Ermənistanla Azərbaycanın fikirləri arasındakı bu oxşarlığa gəlincə, erməni təhlilçi Riçard Giragosyan bunu
“hər ikisi Vardanyanın getməsini istəyən Paşinyanla Əliyev arasında təsadüfi razılaşma” adlandırıb.
Vardanyanla Paşinyan arasında münasibətləri qismən Paşinyanın 2018-ci ildə Vardanyanın maliyyələşdirdiyi
“Strateji Təşəbbüslər Mərkəzi”ni bağlaması ilə də izah edirlər. Bu layihə Paşinyanın sələfi Karen Karapetyan tərəfindən Ermənistana investisiya cəlb etmək məqsədilə yaradılmışdı.
“Bəzən layihələr uğursuz olur”
Vardanyan vəzifədən çıxarılandan sonra, Qarabağda qalıb işləyəcəyinə söz verib.
“Tənqidi sevirəm. Tənqid kömək edir, onu rahat qarşılayıram”, – üzərinə ittihamlar yağan Vardanyan deyib.
2021-ci ilin noyabrında Rusiyanın RBK kanalına müsahibə verən Vardanyan Ermənistan siyasətinə daxil olmaqda maraqlı olduğunu demişdi. O, hətta,
“bir gün ölkənin lideri olmaq” istədiyini də bildirmişdi. 1 milyard dollarlıq varidatı olduğunu nəzərə alsaq, baş nazir vəzifəsindən getməsi onun siyasi karyerasının sonu demək olmaya da bilər.
“Xoşbəxt insanam. Həyatımı dolu-dolu yaşayıram. Daxili rahatlığım var. Ən böyük çətinliklərdən biri özünün özünlə barışıqda olmamağındır. Bəzən layihələr uğursuz olur, ancaq eybi yox”, – Vardanyan söyləyir.(pressklub.az)