"Tərtər işi" üzrə zərərçəkmişlərin ailə üzvləri etiraz edirlər
Cəmiyyət
21:1729.03.2023 689
Bu gün Azərbaycan Baş Prokurorluğunun binası qarşısında "Tərtər işi"nin fiqurantlarına qarşı işgəncələrdə əli olan hər kəsin məsuliyyətə cəlb edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları hərbiçilərə işgəncə verməkdə ittiham olunanların işi üzrə məhkəmənin gedişatından narahatlıqlarını bildiriblər.
"Məhkəmə qarşısına 4 nəfər çıxarılıb. Oğluma işgəncə ilə öldürüldüyü hərbi hissədən yalnız bir nəfər - işlə əlaqəsi olmayan Rüstəm Ələsgərov məhkəməyə cəlb edilib", - deyə, həlak olmuş Elçin Quliyevin anası Validə Əhmədova bildirib.
"Mən, etiraz edirəm, çünki qanunsuz əməllərdə əli olan Teymur Məmmədov (hərbi hissənin komandiri) və Hikmən Həsənov (korpus komandanı) kənarda qalıblar", - deyə, Əhmədova sözünə davam edib.
O, hesab edir ki, hərbiçilərə qarşı cinayətlərə görə ölkənin hərbi prokuroru Xanlar Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyi də məsuliyyət daşıyır.
Aksiyanın digər iştirakçısı, leytenant Atabəy Rəhimov bildirib ki, bəraətdən 4 ay keçir, amma bəraət verilən hərbiçilər nə hərbi biletlərini alıblar, nə hərbi rütbələri qaytarılıb, nə də hərbi qulluğa bərpa olunublar.
Aksiya iştirakçıları artıq bəraət verilmiş şəxslərin hüquqlarının tam bərpa olunmasını və hələ də həbsdə qalanların azad edilməsini, həmçinin bütün təqsirkarların cəzalandırılmasını tələb ediblər.
Etirazçılar Baş Prokurorluqda qəbul edilib. Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlara gələn həftə baş prokuror tərəfindən qəbul ediləcəkləri, "Tərtər işi" üzrə bəraət alanların isə bu həftənin sonuna qədər rütbələrinin bərpa ediləcəyi vəd edilib.
Qeyd edək ki, martın 14-də keçmiş hərbi hissə komandiri polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, keçmiş kəşfiyyatçılar Ramil Qarayev və Rüstəm Ələsgərovun işi üzrə məhkəmənin birinci iclası keçirilib.
Onlara qarşı Azərbaycan CM-in 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Rüstəm Ələsgərov həmçinin Azərbaycan CM-in 125 (özünü öldürmə həddinə çatdırma) və 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Martın 28-də prosesdə ittiham aktı oxunub. İttihama əsasən, hərbi hissənin komandiri Vüsal Ələsgərov "yuxarı komandanlıq qarşısında nüfuzunu artırmaq məqsədilə düşmənə işləyən hərbiçiləri ifşa etmək üçün" bir qrup zabitdən istifadə edib. Onlar bu məqsədlə qurbanlara qarşı çoxsaylı işgəncə növləri tətbiq ediblər.
Prosesdə təqsirləndirilən dörd zabitdən biri ifadə verməkdən imtina edib. Hərbi hissənin komandiri polkovnik Vüsal Ələsgərov belə deyib:
"Mən, əmrlərin yerinə yetirilməsinə görə məsul olan şəxs idim. Bu halda, mən, müdafiə nazirinin, Baş Qərargah rəisinin (keçmiş rəis Nəcməddin Sadıqov nəzərdə tutulur), korpus komandirinin (artıq keçmiş, Hikmət Həsənov) və Hərbi Prokurorluğun göstərişlərini yerinə yetirirdim. Özümü təqsirli bilmirəm. Məhkəmənin sonuna qədər ifadə vermək niyyətində deyiləm".
Prosesdə Vüsal Ələsgərovun istintaqa verdiyi ifadə oxunub. O, ifadəsində bildirib ki, korpus komandiri Hikmət Həsənov, onun müavini Babək Səmidli (2020-ci il müharibəsindən sonra vəfat edib), hərbi prokuror Xanlar Vəliyev və başqaları işgəncələrin verildiyi hərbi hissəyə gəliblər.
Təqsirləndirilən zabitlər Rəşid Niftəliyev və Ramil Qarayev də ifadə verməkdən imtina edib.
Daha bir təqsirləndirilən əsgər - müddətdən artıq hərbi qulluqçu Rüstəm Ələsgərov deyib ki, binanın işgəncələrin baş verdiyi 2-ci mərtəbəsinin mühafizəsinə görə cavabdeh idi. O, nə baş verdiyini bilsə də, işgəncələrdə iştirakı olmadığını bildirib. O, işgəncələrdə real olaraq əli olanların yerinə özünün mühakimə olunmasından şikayət edib. Məhkəmənin növbəti iclası aprelin 4-də keçiriləcək.
Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsinə başlanıb, bu proses "Tərtər işi" adını alıb.
Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatlarında həbsləri şübhəlilərin Ermənistanın xeyrinə casusluqda iştirak etmələri ilə əsaslandırıb.
2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə verilən kütləvi işgəncələrdən ictimaiyyət 2019-cu ildə xəbər tutub.
Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən azı doqquz nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.
Qurbanların ailə üzvlərinin çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət təhqiqatı bərpa etmək məcburiyyətində qalıb.
2022-ci ilin dekabrında "Tərtər işi" üzrə həbs edilən 19 nəfər azadlığa çıxıb. Onlardan 10-na bəraət verilib, digər işlərə bəraət hökmü çıxarılmadan xitam verilib.
"Tərtər işi" üzrə işgəncə altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsxanalardadır. Ümumilikdə işgəncə qurbanlarının sayı yüzlərlə ola bilər.
Bu cinayətlərə görə bir general daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib. Amma Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun yüksək rəhbərliyi məsuliyyətə cəlb olunmayıb.