ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) "Kremlə pilotsuz təyyarə hücumu"nun səhnələşdirildiyini hesab edir.Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, ISW öz hesabatında pilotsuz təyyarələrin Moskvada quraşdırılan hava hücumundan müdafiə sistemlərinin bir neçə qatını aşıb Kremlə çatmasının az inandırıcı olduğunu bildirib.
Həmçinin dronların Kreml üzərində partlayışının nisbətən aydın görüntüləri də şübhə doğurur.
“Kremlin insidentlə bağlı dərhal, ardıcıl və koordinasiyalı reaksiyası hücumun daxildə elə bir şəkildə təşkil olunduğunun sübutudur ki, onun nəzərdə tutulan siyasi nəticələri utandırıcı olmasın”, - ISW ekspertləri bildiriblər.
Onların fikrincə, Rusiya hakimiyyəti Kremlə hücum təşkil etməklə əhaliyə müharibənin yaxın olduğunu, hər kəsin müharibədə iştirak etməli olduğunu göstərməyə çalışıb:
"Belə bir hücumun səhnələşdirilməsi həm də 9 May Qələbə Günü tədbirlərinin ləğvi və ya ciddi şəkildə məhdudlaşdırılması üçün bəhanə ola bilər. Bu da ruslarda əvvəlki kimi yaşamağın mümkün olmadığına dair düşüncələri daha da gücləndirə bilər".ISW hesab edir ki, bunun ardınca Rusiya yad bayraq altında digər əməliyyatları da davam edə bilər.