Azərbaycan tərəfi mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə öz iştirakını təsdiqləyib. Eyni zamanda, Bakı iyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçiriləcək görüşə hələ yekun razılıq verməyib. Bu barədə mayın 11-də Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.
O, xatırladıb ki, ötən il Brüsseldə Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib:
"Dekabrda məhz erməni tərəfi Brüsseldə eyni formatda görüşdə iştirakdan imtina edib.
Kişinyovda Avropa siyasi birliyinin növbəti iclası çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş təklif olunub.
Azərbaycan bildirib ki, Kişinyovda qeyri-formal görüşdə iştirak Brüssel formatının saxlanılması şərtilə mümkündür. Ona görə də Kişinyov görüşünə hələlik yekun razılıq verilməyib, çünki bu görüşün formatı ətraflı açıqlanmayıb".Becan.az