Taleyüklü qərarlar Qərb masasında veriləcək
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki əsas məqsəd daşıyırdı:
Birincisi - Rusiya və Azərbaycan arasında siyasi, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə etmək;
İkincisi - Qarabağ problemi, Azərbaycan-Ermənistan sülh müzakirələrində yaranmış yeni situasiyaya maksimum təsir göstərmək, bölgədə təsir imkanlarını daha da gücləndirmək.
Hazırda Qərbin günü-gündən sərtləşən iqtisadi sanksiyaları altında əzilən Rusiyaya Azərbaycan kimi əlverişli imkanlara sahib olan ölkələrlə münasibətləri dərinləşdirmək vacibdir. Bakı Qərbin sanksiyalarına qoşulmayıb, 2022-ci il ərzində ticarət dövriyyəsi 700 milyon dollar artaraq, 4 milyard dollara yaxınlaşıb. Bunun təxminən 3 milyardı Rusiyanın Azərbaycana ixracının payına düşür.
Bakıda keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq münasibətləri qurulub. O, Rus dilində danışaraq, qeyd edib ki, ikitərəfli münasibətlərin mühüm elementi tərəflər arasında açıq dialoq və etibarlı münasibətlərdir:
“Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq sabit və müsbət dinamikaya malikdir. Bu kontekstdə 2022-ci il də istisna olmadı, biz, qarşılıqlı ticarət dövriyyəsində 4 milyard dollara çatan 24% artımı müşahidə etdik”.
O, qarşılıqlı investisiyaların həcminin 9 milyarda çatdığını, bundan başqa, Rusiya mallarının Azərbaycan ərazisindən tranzitinin 2,5 dəfə artdığını da vurğulayıb.
Göründüyü kimi, iqtisadi-ticarət əlaqələrində müsbət dinamika hər iki ölkəni qane edir və onlar mövcud potensialdan daha çox istifadə etmək niyyətindədirlər.
Əlbəttə, Sergey Lavrov Bakıda əsas vaxtını Qarabağla bağlı hazırki situasiynın müzakirəsinə sərf edib. Rusiyalı nazir məsələyə həm müharibədən dərhal sonra imzalanmış üçtərəfli bəyanat konteksində, həm də Bakı-Moskva münasibətləri çərçivəsində yanaşıb. Bundan başqa, Azərbaycan-Ermənistan danışıqlarına ayrıca toxunub, Moskvanın prosesdə iştirak imkanlarını nəzərdən keçirib.
Hazırda vəziyyət belədir:
Azərbaycan Laçın yoluna, habelə Azərbaycan-Ermənistan sərhəddinə nəzarət-buraxılış məntəqəsi qurmaq istəyir. Bu halda 2.5 aydır davam edən eko-aksiya sona çatacaq. Münhendə Prezident İlham Əliyev bildirmişdi ki, Zəngəzur dəhlizinin hər iki başında, eləcə də Laçın rayonu ilə Ermənistanın sərhəddinin hər iki tərəfində nəzarət buraxılış məntəqələrinin yaradılmasına etiraz etmir. Nikol Paşinyan isə Laçın yolu ilə Zəngəzur dəhlzinin bir-birindən ayrılmasını təklif edir. Baş nazir bildirib ki, Bakı 10 noyabr bəyanatında Laçın yolu ilə bağlı üzərinə öhdəliklər götürüb və bu, yolun Rusiya sülhməramlı kontingentinin nəzarətində maneəsiz, təhlükəsiz olmasını ehtiva edir.
Bakı bu problemi Rusiya ilə danışaraq, kompromislər tapılacağına ümid edirdi. Amma Lavrov bu təklifə əsasən “yox” cavabı verdi. Nazir bildirdi ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır:
“Bu isə o deməkdir ki, Laçın dəhlizindən, istisnasız olaraq, mülki və humanitar yüklərin və mülki vətəndaşların hərəkətinin təmin olunması vacibdir. Biz, təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz, bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.
Açıqlamadan belə nəticə çıxarmaq olar ki, bu məsələdə Rusiya və Ermənistanın mövqeyi üst-üstə düşür. Amma Moskva Laçın yolunda Azərbaycan nümayəndələri ilə birgə texniki avadanlıqlar vasitəsi ilə nəzarət məsələsinə baxa bilər. Amma Moskva Bakının Ermənistanla sərhəddini nəzarətə götürməsinə qarşıdır. Əlbəttə, bu mövqe Azərbaycanın suveren hüquqlarına qarşı açıq hörmətsizlikdir. Təəssüf ki, Ceyhun Bayramov rusiyalı həmkarına ictimaiyyətin gözlədiyi təpkini nümayiş etdirmədi. Bundan sonra necə olacaq, Bakı “müttəfqinin” narazılığına baxmayaraq, yola nəzarəti təmin edəcək, yoxsa, eko-aksiya davam edəcək, bu, hələlik məlum deyil.
Daha bir ziddiyətli məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Lavrov bildirib ki, 10 noyabr bəyanatı ilə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri ciddi şəkildə yerinə yetirməlidirlər:
“Biz, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə danışıqlar prosesinin gedişi barədə danışdıq. Ümid edirik ki, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutundan istifadənin bərpası ilə bağlı konkret razılıqların əldə edilməsi məsələsini həll edə biləcəklər”.
Qeyd edək ki, bu məsələdə tərəflərin mövqeləri kəskin fərqlənir. Ermənistan ərazisindən hər hansı dəhliz verməyəcəyini bəyan edir, Azərbaycan dəhlizlər üzərində suverenlik prinsipi təklif edir, amma İrəvan eyni statusun Laçın yoluna şamil edilməsinə qarşı çıxır. Rusiya isə İrəvanın rədd etdiyi, Bakının israr etmədiyi məsələni üçtərəfli qaydada həll etməyə çağırır. Xatırladaq ki, ABŞ və Avropa İttifaqı da hər iki ölkənin Zəngəzur və Laçın dəhlizi üzərində suveren hüquqlarının saxlanılmasını dəstəkləyir. Bu halda, Lavrovun təşəbbüsü xeyli dərəcədə aktuallağını itirmiş görünür.
Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı Rusiyanın mövqeyinə gəlincə, Lavrov Qərbin egidası altında aparılan prosesdən ciddi narahat olduğunu ortaya qoyub. O, ümumiyyətlə, İrəvanın Qərbə yaxınlaşmaq siyasətindən gileylənib:
“Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə, Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir ki, bu da sülh prosesi istiqamətində səy göstərilməsini şübhə altına alır”.
Rusiyalı nazir bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyi təklif edib.
“Lakin Moskva bu məsələ ilə bağlı qəti şəkildə israr etməyəcək”, – Lavrov vurğulayıb.
Ceyhun Bayramov Lavrovun bu təşəbbüsünə reaksiya verməyib. Amma Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda Rusiyanın ünvanına sərt ifadələr səsləndirib:
“Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. O, əlavə edib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz:
“Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır”.A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır:
“Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir”.
Simonyan İrəvanın Azərbaycanla danışıqlarda əngəl olan şərtindən geri çəkildiyini də ifadə edib:
“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var. Onu deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə tanınmış prinsiplərdir. Sülh müqaviləsində Qarabağ problemi ilə bağlı bəndlər olmamalıdır. Ermənistan tərəfində son təkliflərə Bakının reaksiyası barədə məlumat yoxdur. Bununla belə, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələr gedir”.
Xatırladaq ki, Paşinyan hökuməti Azərbaycanla imzalanacaq sülh müqaviləsinə Qarabağ barədə bənd salınmasında israr edirdi, Bakı isə qəti şəkildə bu təklifi rədd edirdi.
Nazir Ceyhun Bayramov Simonyanın bu bəyanatını şərh etməyib, amma Ermənistanı destruktiv mövqe tutmaqda, sülh müqaviləsi imzalamağa mane olmaqda ittiham edib.
C.Bayramov qeyd edib ki, o, rusiyalı həmkarını sülh müqaviləsinin imzalanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi barədə məlumatlandırıb. Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub:
“Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”.
Nazir qeyd edib ki, Ermənistan, paralel olaraq, yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda, bu məsələ ilə bağlı danışıqlardan imtina edir:
“Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.
Beləliklə, S.Lavrovun səfərinin qarşıya qoyulan hədəflərə çatdığını söyləmək olmaz. Nazir Bayramov Qərblə birgə aparılan prosesə alternativ olaraq, Rusiyanın iştirakı ilə üçtərəfli dialoqun bərpa olunmasına səy göstərəcəyini bildirmədi. Eyni zamanda, Laçın yolunda hərəkətin nəzarətə götürüləcəyi ilə bağlı israrlı mövqe də nümayiş etdirilmədi. Lavrovun “yox” cavabının qarşılığında C.Bayramov daha çox Ermənistanı hədəfə alıb, onu qeyri-konstruktivlikdə ittiham etdi.
Bu səfərin müsbət nəticəsi yaxın gələcəkdə Rusiyanın istədiyi formada, müəyyən etdiyi qaydada Laçın yoluna skayner aparatlarının quraşdırılması və eko-aksiyanın başa çatması ola bilər. Qərbin qurduğu müzakirə masası isə alternativsiz olaraq qalır. Ciddi, taleyüklü qərarlar o masada veriləcək.
Turqut
(pressklub)