Azərbaycanda bu il həbs olunan yüksək vəzifəli şəxslər - SİYAHI

11:41 15.07.2023 1 632
Azərbaycanda bu il həbs olunan yüksək vəzifəli şəxslər - SİYAHI

Qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə, hüquqi və fiziki şəxslər üçün qərarlar qəbul etmək hüququna malik olanlar vəzifəli şəxs hesab olunurlar. Zaman-zaman onların da öz səlahiyyətlərini aşdıqları, vəzifələrindən sui-istifadə edərək cinayət törətdikləri ilə bağlı məlumatlara rast gəlirik. Azərbaycanda belə məmurlar az deyil.

Bizim.Media bu ilin yanvarından indiyədək həbs olunan vəzifəli şəxsləri araşdırıb. Təkcə yanvar ayında 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub:

Vəli Məmmədov - Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib.

Ramin Mirzəyev - Yanvarın 16-da Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. Vəzifəli şəxs barədə dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Rövşən Quliyev - Yanvarın 23-də Baş Prokurorluqla Neftçala rayon Prokurorluğu Neftçala rayonu ərazisində birgə əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev saxlanılıb və onun işi məhkəməyə göndərilib. R.Quliyev sənədlərin saxtalaşdırılması və bir sıra ciddi qanun pozuntularında ittiham olunur. Neftçala rayon Məhkəməsinin qərarı ilə R.Quliyev barəsində martın 5-də qədər həbs qətimkan tədbiri seçilib.
Bu ilin fevralında isə bir vəzifəli şəxs azadlıqdan məhrum edilib.

Hüseyn Seyidov - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. H.Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı KQMBİ-də başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Mart ayında hərbi xidmətə çağırışla bağlı rüşvət alan iki vəzifəli şəxs cinayət başında yaxalanıb.

Adil Hüseynov və Toğrul İsgəndərov - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini, Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov və həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərov rüşvət alarkən iş başında yaxalanıblar.

Adil Hüseynov və Toğrul İsgəndərov barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Əli Həsənov - Aprel ayında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Ötən ay daha bir neçə vəzifəli şəxs həbs olunub.

Bayram Bağırov - “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırov barəsində cinayət işi məhkəməyə göndərilib. Bayram Bağırov həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş, ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zamin Həsənov və Məmməd Əliyev - İyunun 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi Zamin Həsənov və Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalında həbs olunub. Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hafiz Əliyev - İyunun 6-da Ədliyyə Nazirliyi Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək, 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hafiz Əliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.

İyul ayı hələ tam başa çatmasa da, artıq bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Rahim Ağayev - İyulun 5-də Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Rahim Ağayev qanunsuz əməllərinə görə ifşa olunaraq saxlanılıb. Rahim Ağayev həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 8 min manat məbləğində pul tələb edib.

Ramil Həsənov və Rəşad Rəşidli - Rahim Ağayevin saxlanılmasından bir gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri - Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli də həbs olunub.

Savalan Rəsulov və Fərid İsmayılov - Həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla məlum olub ki, qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılov digər şəxslərlə qabaqcadan əlbir olaraq vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alıblar.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəfa Əliyev - İyulun 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:01

Təqaüd və müavinətlər nə vaxt artırılacaq? - AÇIQLAMA

11:45

DSX əməliyyat keçirdi: PUA-nın gətirdiyi narkotik tutuldu - VİDEO

11:39

Putinin SSRİ-ni diriltmək istəyinə son qoymalıdır

11:32

Ağsuya dolu, bəzi dağlıq rayonlara qar yağdı

10:56

İranı etiraz dalğası yenidən bürüyür

14:16

Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

14:10

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb

13:59

İmamoğlunun həbsinə görə etiraz edən 343 nəfər saxlanıldı

11:29

Xarici ölkələr Bakı və İrəvanın addımını alqışlayır

11:24

Üç ölkənin səfirləri XİN-ə çağırıldı

11:16

Həqiqi hərbi xidmətin müddəti ilə bağlı QƏRAR

12:10

Digər müavinət və təqaüdlərdə də artımlar olacaq

11:56

Xaçmazda cinayətkar dəstə üzvləri saxlanılıb

12:10

“Ahəng qanununa uyğun işləyirəm” – Ceyhun Musaoğlu ilə 50 yaşın müsahibəsi

11:56

Ermənistan cinayətlərinin unudulacağına inanırsa, yanılır - Hikmət Hacıyev

10:22

Elşad Miri "Qəbir əzabı yoxdur" deyir... - Reaksiya

10:12

Türkiyə yenidən ABŞ təlimlərinə qatılacaq

21:15

ABŞ-sız Avropa Rusiyanın qarşısında acizdir

21:00

Rusiyanın bank sektoru Trampdan yeni məhdudiyyətlər görəcək

15:58

Maaş və təqaüd problemindən sonra məzuniyyət qalmaqalı

15:14

DYP-dən səhhətində problemlər olan sürücülərə müraciət

17:19

Baş redaktor və müavini azadlıqdan məhrum edildi

19:40

Prezidentdən töhmət alan məmurlar - SİYAHI

18:57

Azərbaycan Prezidenti sabah Türkiyəyə səfər edəcək

13:49

Şahbaz Şərif Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına tapşırıq verib

12:37

Tramp Zelenskini cəzalandırdı - Hərbi yardımlar dayandırıldı

12:27

AZAL-ın təyyarəsinə görə Rusiya sığorta ödənişi edib

14:59

Çingiz Abdullayev: "Zelenskinin özünü itirməyə haqqı yox idi"

14:50

Bəzi telefonlarda vatsap işləməyəcək

14:40

Martın iş və istirahət günlərində dəyişiklik edilib

14:32

Pezeşkiana müraciət edildi: Ermənistan Araz çayını zəhərləyir!

14:15

Zelenski Trampdan üzr istəməlidir...

14:05

DİN-dən sürücülərə xəbərdarlıq...

12:48

Texniki spirt öldürməkdə davam edir

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO