İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətlərini bürümüş qum fırtınası nəticəsində azı 730 nəfər xəsarət alıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, son 4 gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə kömək üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur.
Həkimlər deyib ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var.
Bu gün səhər saatlarında əyalətdə küləyin sürəti 94 km/saata çatıb, üfüqi görünmə isə üç min metrə qədər azalıb. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb.
Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.
Becan.az