Tarixini bilməyənin gələcəyi qaranlıq olar

00:24 22.01.2023 2 050
Göytürk Xaqanlığı (552-744)

Tarixini bilməyənin gələcəyi qaranlıq olar


(III hissə)

İşbara xaqanın hakimiyyəti (581–582)

...İşbara xaqan hakimiyyətə keçdiyi dövrdə Göytürk xaqanlığında ara müharibələri şiddətlənmiş və dövlət zəifləmişdi. Dövlətin qərb qolunu idarə edən Tardu artıq şərqin hakimiyyətini qəbul etməyərək müstəqil siyasət yeritməyə çalışırdı. Çindəki Suy sülaləsi Göytürk xaqanlığının şərq və qərb qolu arasındakı anlaşmazlıqlardan istifadə edərək Tarduya elçilər göndərdi. Çin türk tacirlərini ölkəsindən çıxardı. Bu hadisə Göytürk xaqanlığının şərq qolunun vəziyyətini daha da pisləşdirdi. Qıtlıq və yoxsulluq baş qaldırdı. Bu səbəbdən şərqdə yaşayan boyların bir qismi qərbə köçdü.
Suy sülaləsinin də dəstəyi nəticəsində Tardu İşbara xaqanın hakimiyyətini tanımadığını elan etdi. Bu hadisədən sonra Göytürk xaqanlığı faktiki olaraq Şərqi Göytürk və Qərbi Göytürk xaqanlıqlarına parçalandı. İşbara xaqanın hakimiyyətində dövlətin yanlız şərq əraziləri qaldı.

Şərqi Göytürk xaqanlığı

Birinci Göytürk xaqanlığının ikiyə parçalanmasından sonra meydana gələn Şərqi Göytürk xaqanlığı türk tarixində önəmli bir yerə sahibdir. Mədəni və sosial cəhətdən Hunların dövrünə görə daha sürətlə inkişaf edən türk topluluqları tutduqları geniş ərazilərə yayılaraq, sonradan qurulacaq türk dövlətləri üçün zəmin yaratmışlar. Şərqi Göytürk xaqanlığının süqutundan sonra meydana gələn türk dövlətləri türklərin varlığı və mədəniyyətini Avropaya qədər yaymışdır. Birinci Göytürk xaqanlığı ikiyə parçalanmasına və Çinin təzyiqlərinə baxmayaraq, Şərqi Göytürk xaqanlığı varlığını davam etdirməyə çalışmışdır.


İşbara xaqanın Şərqi Göytürk xaqanlığında hakimiyyəti (582–587)

585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərqi Göytürk xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi Çin üçün təhlükə olan, türklər də daxil olmaqla, bütün Mərkəzi Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin Şərqi Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bu səbəbdən İşbara xaqan bu mövzu haqqında 585-ci ildə Çin imperatoruna məktub yazmışdır. İşbara xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə tabe olacaq, xərac verəcək, qiymətli atlar hədiyyə edəcəyəm. Lakin dilimizi dəyişdirə bilmərəm. Uzun saçlarımızı kəsdirə bilmərəm. Xalqıma Çin geyimləri geydirə bilmərəm. Adətlərinizi, qanunlarınızı qəbul edə bilmərəm. Çünki bu mövzuda bütün millətim, həssaslıqla döyünən tək bir ürəkdir."
Tarduya qarşı mübarizə edə bilməyəcəyini görən İşbara xaqan imperator Yanq Cianın vassalı olmağı qəbul etdi. Taxtı qardaşı Bağa xaqana verərək çəkildi. Elə həmin il də öldü.

Bağa xaqanın hakimiyyəti (587–589)

Bağa xaqan cəmi iki il hakimiyyətdə qala bildi. İşbara xaqanın dövründə olan problemlərin davamı olaraq, vəziyyət daha da pisləşdi. Bu səbəbdən türk boyları üsyana başladı. Bağa xaqanın yeganə güc mənbəyi olan türk topluluqları ardıcıl baş verən köçlərlə daha da zəiflədi. Bağa xaqandan sonra Tulan xaqan hakimiyyətə keçdi.

Tulan xaqanın hakimiyyəti (589–600)

Tulan xaqanın hakimiyyəti illərində problemlər daha da şiddətləndi. Hakimiyyətdə olduğu müddət ərzində ölkəni bu problemlərdən xilas edə bilmədi. Tulan xaqan Qərbi Göytürk xaqanı Tardu ilə ittifaq quraraq, Çinə yürüş etdi. Çin onları məğlub etdi və Tulan xaqan öldürüldü. Onun yerinə qardaşı Yami keçdi. Yami xaqan Çindən asılılığı qəbul etdi. Tulan xaqanın ölməsi ilə Göytürk xaqanlığının parçalanması tam şəkildə rəsmiləşdi.


Yami xaqanın hakimiyyəti (600–609)

Yami xaqan Göytürk xaqanlığı rəsmən parçalanandan sonra hakimiyyətə keçən ilk xaqandır. Onun hakimiyyəti illərində Çinin Şərqi və Qərbi Göytürk xaqanlıqlarına olan təzyiqi getdikcə artdı. Çin Göytürklərin şahzadələri arasında olan narazılıqları gücləndirərək, nüfuzunu artırmağa çalışırdı. Yami xaqanın həyat yoldaşı Suy sülaləsindən olan şahzadə An idi.

Qərbi Göytürk xaqanı Tardu əvvəlcə Çinlə yaxşı münasibətdə idi. Tardu xaqan Şərqi Göytürk xaqanlığını da özünə tabe etməyə çalışdıqdan sonra Çinlə bu münasibətlər pozuldu. Çin Yami xaqandan Tardu xaqana qarşı istifadə etməyə çalışdı. Yami xaqan Çindən asılılığı qəbul etmiş, hətta İşbara xaqanın qəbul etmədiyi mədəni cəhətdən çinliləşməyə göz yummuşdu. Yami xaqanın hakimiyyəti illərində Şərqi Göytürk xaqanlığı zəiflədi. 609-cu ildə Yami xaqan öldükdən sonra yerinə oğlu Şibi hakimiyyətə keçdi.

Şibi xaqanın hakimiyyəti (609–619)

Şibi xaqan Şərqi Göytürk xaqanlığının süqutunu dayandırmağı bacardı. Atası kimi o da çinli şahzadə ilə evli idi, amma o, Çinin beşinci kolonna fəaliyyətinə icazə vermədi. Hakimiyyətinin ilk illərində ara müharibələrinə diqqətini artıraraq, onların qarşısını aldı. Qısa müddətdə qərbdə - Tibetdən şərqdə Amura qədər olan bölgəni özünə tabe etdi.

Şibi xaqan Çinlə yaxşı münasibətlər qurmağa çalışmadı. Bölgədəki varlığını davam etdirə bilmək üçün Çinə qarşı çıxaraq, mübarizə aparmaq siyasətini yeritdi. Qərbi Göytürk xaqanlığının xaqanı olan Taman Çinlə yaxınlaşaraq, oraya köçmüşdü. Şibi xaqan Tamanın Çinlə yaxın münasibətlər qurmasından məmnun olmadı. Şibi xaqan məsələyə qarışaraq, Tamanı Çinin əlindən aldı və öldürdü.


Çin Şərqi Göytürk xaqanlığının güclənməsindən məmnun deyildi. Çin daha əvvəllər Göytürk şahzadələri arasında münaqişə yaradaraq, xaqanlığı zəiflətməyə nail olmuşdu. Bu dəfə də Şibi xaqanın qardaşı olan Çiki Şada xaqanlıq təklif olundu. Buna baxmayaraq, Çiki Şad bu təklifi qəbul etmədi və onunla evlənməsi üçün göndərilən çinli şahzadəni geri qaytardı. Bu uğursuzluqdan sonra Çin Şibi xaqanın sərkərdələrindən birini öldürdü. Çin sərkərdənin cəsədini Göytürklərə göndərdi və onun Çinlə əlaqə qurmağa çalışdığını, amma Göytürklərlə olan dostluq əlaqələri səbəbindən öldürüldüyünü bildirdi. Bu yolla Şibi xaqanın sərkərdələrinə qarşı olan etimadını sarsmağa çalışan Çin yenə də uğur qazanmadı. Şibi xaqan Çinə göndərilən xəracı dayandırdı və müharibə hazırlıqlarına başladı.

Şibi xaqan Çin imperatorunun ölkəsinin şimal bölgəsinə gedəcəyi xəbərini aldıqdan sonra, onu ələ keçirmək üçün hərəkətə keçdi. Bu dövrdə Çində vətəndaş müharibəsi şiddətlənmişdi. 616-cı ilə qədər davam edən müharibə bir nəticə vermədi. 617-ci ildə Çin imperiyası dağıldı. Şibi xaqan Çinə yürüş edərkən xəstələnərək öldü. Bu vəziyyətdən Li Yuan istifadə etdi və Tan sülaləsinin əsasını qoydu.
Şibi xaqanın 619-cu ildə ölməsindən sonra yerinə qardaşı Çula keçdi.

Çula xaqanın hakimiyyəti (619–621)

Çula xaqan hakimiyyəti illərində qardaşı Şibi xaqanın siyasətini davam etdirdi. Çula xaqanın hakimiyyəti illərində Çində vətəndaş müharibəsi davam edirdi. O, Suy sülaləsindən olan iddiaçıları Li Yuana qarşı müdafiə edirdi. Bu siyasəti yeritməklə Çində olan qarışıqlığı daha da artırmağa çalışırdı. Çula xaqan da çinli şahzadə ilə evli idi. Onun hakimiyyəti uzun müddət davam etmədi. Çula xaqan 621-ci ildə xəstələnərək, öldü. Ondan sonra qardaşı İllig hakimiyyətə keçdi.


İllig xaqanın hakimiyyəti (621–630)

İllig xaqan da Şibi xaqan və Çula xaqanın Çinə qarşı olan sərt siyasətini davam etdirdi. Hər nə qədər hücum siyasəti aparsa da, onun dövründə Şərqi Göytürklər ən zəif dövrünə qədəm qoydu. Çinə qarşı təşkil etdiyi nizamsız müharibələrdə uğur qazana bilmədi və hakimiyyəti getdikcə zəiflədi. Göytürklərə tabe olan xalqlar bu zəifləmədən istifadə etməyə çalışaraq, üsyan qaldırdılar. Seyanto xanı İncu xanın başçılıq etdiyi üsyan onu Tan sülaləsi qarşısında köməksiz qoydu. Çinə etdiyi uğursuz yürüşdə məğlub olduqdan sonra əsir düşdü və 4 ildən sonra öldü. 630-cu ildə İllig xaqanın ölümü, həm də Şərqi Göytürk xaqanlığının süqutuna səbəb oldu.

Aşina Cieşeşuay üsyanı (639)

İllig xaqanın ölümündən sonra Şərqi Göytürk xaqanlığı süqut etmişdi və Şərqi Göytürklər Çindən asılı hala düşərək, bölgəyə səpələnmişdi. Göytürk şahzadələrinə Çində vəzifələr verilərək, onları assimilyasiya etməyə çalışırdılar. Aşina Cieşeşuay Şərqi Göytürk xaqanı olmuş Şibi xaqanın oğlu idi və Çində yüksək hərbi vəzifəyə gətirilmişdi. Aşina Cieşeşuay 639-cu ildə Çin imperatorunu əsir götürmək planı hazırladı. Qardaşı Tölis xaqanın oğlu Aşina Holoku və 40 nəfərlik qrupla bu planı yerinə yetirməyə çalışdı. Planın həyata keçiriləcəyi gün fırtına olduğundan, imperator saraydan çıxmadı. Aşina Cieşeşuay və ətrafındakılar Çin imperatorunun sarayına hücum etdilər. Uzun müddət döyüşsələr də, uğur qazana bilmirlər və sarayın atlarını oğurlayaraq, Vey çayını keçdilər. Onların çoxu Çin ordusu tərəfindən öldürüldü.
Üsyanda nəzərdə tutulan nəticə əldə olunmasa da, üsyan Çin imperatorunu qorxutduğu üçün xaqanlığı bərpa etmək qərarına gəldi. Bu dövrdə hakimiyyətə keçirilən xaqanlar Çin dövlətinə tabe idi və Jimi sistemi xaqanları kimi tanınır. Jimi sistemi xaqanlarına ardıcıl olaraq Kilibi xaqan, Çebi xaqan, Aşina Nişufu və Aşina Funian daxildi. İlteriş xaqan İkinci Göytürk xaqanlığını qurana qədər onlar, Şərqi Göytürklər Çindən asılı qaldılar...

(Ardı var)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:40

“Hürriyyət”in kollektivi Prezidentə müraciət edib

18:23

Pullu hərbi xidmət modeli cəmiyyətdə narazılıq yarada bilər

15:59

Əli Kərimlinin evində axtarış aparılıb

12:04

Bu şəxslərə də hərbi xidmətə çağırışdan möhlət hüququ verilir

11:56

Putinin güzəştə gedəcəyi gözlənilmir

11:46

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - VİDEO

21:42

Ən həssas hissələr Tramp və Zelenski arasında müzakirə ediləcək

19:15

Türklər əvvəlcə Şərqə, sonra yenidən Qərbə köçlər edib... - Tarixin izləri

18:29

Prezident ərzaq təminatı və iqtisadi zona yaradılması ilə bağlı fərmanlar imzalayıb

16:11

Kürdəmirdə daha bir canavar hücumu - Bu dəfə 13... - (FOTO)

13:11

Suyu azalan Xəzər dənizi 2-yə bölünə bilər - AÇIQLAMA

12:51

“Napoli” – “Qarabağ” oyununun təxirə salınma ehtimalı var?..

19:55

Manisada Azərbaycan və Türkiyə Mədəniyyəti Gecəsi keçirilib

19:36

Hikmət Hacıyev Ermənistan nümayəndələrini qəbul edib

18:32

Göyçaydakı şəhid məzarının fotosuna Türkiyə səfiri dərhal reaksiya verdi - FOTO

09:09

Zelenski razılaşmasa, Tramp köməyi dayandıracaq

09:10

İsmayıllı – Şirvanın dilbər guşəsindən yaradıcılıq zirvəsinə

16:16

Dost-qardaşın yanında olmasan, Türkiyəni böyüdə bilməzsən!..

11:52

Zəngəzur dəhlizinin statusu hansı formatda olacaq? - AÇIQLAMA

10:36

Rusiya dinc durmur - Türkiyə gəmisi, Polşada dəmir yolu...

12:12

C-130 təyyarəsi niyə 3 yerə bölünüb? - YENİ DETALLAR

12:05

Saka Dövləti - Türkün danılmaz izləri

11:40

42 nəfər hacc yolunda öldü

11:25

MN xəbərdarlıq etdi: Təşvişə düşməyin!

12:52

Paşinyan Əliyevlə "Tramp yolu"nu müzakirə edib

12:40

Yararsız gənci əsgərliyə göndərdilər – Həkimlər cəzalandı

18:53

“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti

19:57

Ərdoğandan 18 Oktyabr təbriki

10:34

Pezeşkianın velosiped sürüşü gündəm oldu - FOTOLAR

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO